Xəbər lenti

"Dünən səhər "Xəzər Lənkəran" "Qəbələ"nin məni istədiyini dedi" - Vaqif Cavadov
İdman14:39 31.08.2015

"Dünən səhər "Xəzər Lənkəran" "Qəbələ"nin məni istədiyini dedi" - Vaqif Cavadov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qəbələ"nin "Xəzər Lənkəran"dan 4 aylığa icarəyə götürdüyü Vaqif Cavadovun Qaynar.info saytına müsahibəsi

- İlk dəfə sənə zəng edəndə danışıqlardan xəbərsiz olduğunu bildirmişdin...

- Açığı, desəm, "Qəbələ"yə keçəcəyimi gözləmirdim. 1-2 günə bu danışıqlar oldu. "Xəzər Lənkəran" və "Qəbələ" rəhbərlikləri arasında danışıqlar getdi. Mən də "Qəbələ"də oynamağa öz razılığımı verdim.

- Amma bayaq sənə zəng vuranda "Qəbələ"yə keçəcəyindən xəbərinin olmadığını, bunu kənardan eşitdiyini bildirmişdin. İndi isə deyirsən ki, xəbərim var idi...

- Xəbərim var idi deyəndə ki, söhbətlər gedirdi. Ancaq təsdiqlənməmişdi. Mənim "Qəbələ"yə keçidimin baş tutmasından xəbərim yox idi. Birinci sizdən eşitdim ki, keçidim təsdiqlənib. Sonra məni ofisə çağırdılar, müqaviləyə qol çəkdim. Ona görə də sizə 1 saatdan sonra danışa biləcəyimi dedim.

- Bəs nə vaxt "Qəbələ"nin səni istədiyini eşitdin?

- Dünən səhər "Xəzər Lənkəran" rəhbərliyi mənə bunu dedi. Sağolsun ki, klub rəhbərliyi mənə oynamaq üçün şərait yaratdı. Ümumiyyətlə, hər iki tərəfə bu keçidə görə təşəkkür etmək istəyirəm.

- İlk dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansın yaranıb. Sənə heç vaxt belə turnirdə oynamaq qismət olmayıb...

- İnşallah, bu il mənə də qismət olar. Uşaqlar yaxşı nəticə qazanıb bu yerə kimi gəliblər. Hamı məsuliyyətini dərk edir. Bundan sonra komandanın qrupda qazanacağı nəticələrdə mənim də payım olar. Bunun üçün çalışmaq, yaxşı məşq etmək lazımdır. Əvvəllər "Qarabağ"la Avroliqanın qrupunda oynamağa yaxın olsam da, son anda nəsə çatışmayıb. Ancaq indi birbaşa Avroliqanın qrupunda olan komandaya keçmişəm. Əlbəttə ki, əlimdən gələni edəcəyəm ki, komanda qrupda yaxşı nəticə qazansın və uğurların davamı gəlsin.

- Düşünmək olarmı ki, əvvəlki Vaqifi "Qəbələ"də görə biləcəyik?

- "İnter"də 15 qol da vursam, 8 məhsuldar ötürmə də etsəm, məndən narazı qalırlar. Bu da adama təsir edir. Həmişə mənə eyni sual verilir ki, əvvəlki Vaqifi görə biləcəyikmi? Axı mənim "İnter"dəki karyeram niyə nəzərə alınmır? Heç Türkiyədəki karyeramın da pis alındığını deyə bilmərəm. Mən hazırda da formadayam. Sadəcə bir qədər zamana ehtiyacım var... Özü də mən xarici komandaya keçmirəm ki. Azərbaycan klubuna keçirəm. Ona görə də uyğunlaşma problemi yaşamayacağam. Hər şey qaydasında olacaq.

- "Xəzər Lənkəran"dan "Qəbələ"yə keçməyinizlə bağlı xəbəri sosial şəbəkədə yerləşdirdikdən az sonra sənə dair tənqidi fikirlər çoxaldı. Buna münasibətini də bilmək maraqlı olardı...

- Tənqidlə qarşılaşmağım normaldır. Mən də istəməzdim ki, "Xəzər Lənkəran"dan ayrılım. Bu, rəhbərlik səviyyəsində olub. Mən isə futbolçuyam, "Xəzər Lənkəran"a məxsusam. Son müsahibələrimdən birində də demişdim ki, "Xəzər Lənkəran"da həm rəhbərlik, həm də futbolçular baxımından əla kollektiv var. Təbii ki, bu kollektivdən ayrılmaq istəməzdim. Ancaq hər şey futbolla bağlıdır. Mən "Xəzər Lənkəran"ı özbaşına tərk etməmişəm və belə heç vaxt etməzdim. Məni tanıyanlar bilir ki, özbaşına hərəkət etmərəm. Bu 2 klub arasında olan bir prosesdir. Sadəcə hamı bunu bilsin ki, mən öz razılığımla "Xəzər Lənkəran"ı tərk etməzdim.

Səbuhi TOFİQOĞLU