UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın Hesabat Konfransının gec baş tutması haqda danışıb.
Qaynar.info xəbər verir ki, o, digər assosiasiyalarda belə hesabatların daha tez olduğunu bildirib:
"Belə hesabatlar fevral və mart aylarında da baş tutur. Ancaq UEFA-ya üzv olan əksər assosiyalarda bu, ilin sonunda olur. Bu il bizim bir az başımız qarışıq oldu. Çünki FIFA seçkiləri baş tutdu. O üzdən hesabatların da gecikməsi başadüşüləndir".
Yunan qonaq daha sonra "Zirə" klubunun avrokuboklara buraxılması ilə bağlə verilən suala cavab verib: "UEFA-nın nizamnaməsinə əsasən, klub 3 il ərzində yaradılıbsa, onun avrokuboklarda iştirak etməsinə icazə verilmir. Çünki həmin komanda peşəkar komanda kimi formalaşmalıdır. Ancaq istisnalar da var. "Zirə" haqda çox bilgili deyiləm. Lakin əgər bu klub əvvəl başqa klub adı ilə fəaliyyət göstəribsə, o zaman avrokuboklarda iştirak etməsinə icazə verilə bilər".
AFFA prezidenti Rövnəq Abdullayev isə Xarici İşlər naziri Elmar Məmmədyarovun AFFA İcraiyyə Komitəsinə seçilməsi barədə danışıb:
"Elmar müəllim həmişə futbollara baxanda mənə məsləhətlər verirdi. Mən də ona dedim ki, belə futbolu bilirsənsə, İcraiyyə Komitəsinin üzvü ol. Gözləmirdim ki, o, namizədliyini verəcək. Bu onun öz istəyidir. Futbol siyasətdən uzaqdır. Onun gəlişi ilə futbolumuzun siyasiləşəcəyinə inanmıram. Elmar müəllim sadəcə futbol azarkeşi olaraq namizədliyini irəli sürüb. O, 2004-cü ildən yaradılmış Ümumazərbaycan Futbolsevərliyinin Birliyinin üzvüdür. İcraiyyə Komitəsinə namizədliyi də bu qurum tərəfindən irəli sürülüb. Bu Birliyin sədri də Elşad Nəsirovdur".
Abdullayev AFFA prezidentliyinə başqa namizədlərin olmaması haqda isə bunları deyib: "Mən rəqabətdən qorxmuram. Amma inanmıram ki, kimsə mənim kimi AFFA prezidentliyinə namizədliyini irəli sürsün. Kiminsə belə bir ağır işin altına girəcəyinə inanmıram".
Qaynar.info