Xəbər lenti

"Federasiya Bəstəçilik Komissiyasının nəticələrinə qısqanc yanaşır" - İlham Əliyev
İdman18:41 18.12.2016

"Federasiya Bəstəçilik Komissiyasının nəticələrinə qısqanc yanaşır" - İlham Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının Azərbaycandakı nümayəndəsi, şahmat bəstəçiliyi üzrə beynəlxalq hakim, bəstəçilik üzrə millimizin baş məşqçisi, Azərbaycan Şahmat Federasiyası daxilində fəaliyyət göstərən Bəstəçilik Komissiyasının sədri İlham Əliyev tərtib üzrə bəstəçilik yarışlarında çıxış edən Kənan Vəlixanovun sport7.az saytına verdiyi açıqlamalardan narazı qalıb və redaksiya ilə əlaqə saxlayıb.

Qaynarinfo.Az xəbər verir ki, adıçəkilən sayt İlham Əliyevə də tribuna verib:

"O deyir ki, 2 il əvvəl İsveçrədə keçirilmiş Dünya Kubokunda onun rəhbərliyi altında şahmat bəstəçiliyi üzrə millimiz 2-ci yeri tutub. Bu komandanı 6 ildir ki, mən hazırlayıram. Neçə ölkəyə komandanı mən aparmışam. Nə vaxt sən komandanı Bernə apardın və nə vaxt milli üzvlərinə nəsə öyrətdin ki? İsveçrəyə də onu necə aparmışıq? Bizim həlletmə üzrə millimizdən 1 nəfərin - Misrətdin İskəndərovun Türkiyə klubunda oyunu olduğundan, Kənanı milliyə seçdik. Düzdür, onunku bəstəçiliyin həlletmə növü yox, tərtibdir. Ancaq həlletməni də bildiyi üçün Kənanı milli siyahısına əlavə etdim. Bəyəm hər dəfə onu aparmalıyıq ki? Tərtib üzrə bəstəçiliyə görə nəticələr internetlə göndərilir. Heç hara getməyə ehtiyac yoxdur. Belqraddakı dünya çempionatında Bakıdakı Şahmat Olimpiadasının bağlanış mərasimi keçirilirdi. Yarım saatlıq bağlanışa görə nazirlik xərc çəkib adam göndərməli idi ora? Mən buna görə nazirliklə dava etməliydim? Özünüz nazirlikdə maddi durumun nə yerdə olduğunu yaxşı bilirsiniz. Get-gedə hər şeyi kəsə-kəsə gedirlər. Ora gedənlər həlletmə üzrə yığma komandanın üzvləri olub. Bunun Kənana nə dəxli var? Axı o, həlletmə üzrə millinin üzvü deyil! Kimi deyir ki, orda 3 nəfər artıq adam idi? (Qeyd: Kənan Vəlixanov 6 nəfərdən 3-nün Belqraddakı dünya çempionatına nazirlik xətti ilə sadəcə gəzməyə getdiyini bildirib - red.) Ad çəksin. Ora gedənlərdən Zaur Məmmədov həm şahmat üzrə qrossmeysterdir, həm də bəstəçilik üzrə Dünya Kubokunun qalibi olub. Misrətdin İskəndərov, Rəşad Zeynallı dünya və Avropadan medalla qayıdıblar. Mənəm lazımsız adam? Komandanın baş məşqçisiyəm. Nümayəndə heyətimizdən Elmar Abdullayev Şahmat Bəstəçiliyi Komissiyasının sədr müavinidir. İngilis dilində bildiyi və mən 2-3 yerə çatdırmadığım üçün Konqresdə Azərbaycan nümayəndəsi kimi təmsil olunurdu. Nə qədər ümumi danışmaq olar? Konkret ad çəksin! Mənim imkanım olsaydı, onu da aparardım. Biz heç qızlar, veteranlar üzrə millimizi ora apara bilmədik. Onun 5 dəqiqəlik medal almasına görə ora aparılmaması faciəvi hal deyil. Orda Şahmat Olimpiadasına həsr olunmuş bəstəçilik yarışına görə Kənanın qazandığı qızıl medalı bizə veriblər və Bakıya gələn kimi özünə medalını vermişik. Pul tapa bilirdisə, öz hesabına Belqrada gedərdi. Siz maraqlanın görək, Şahmat Olimpiadasının bəstəçilik yarışında medal qazananlardan neçəsi Belqrada gəlmişdi? Çox az hissəsi. Biz Belqraddan gənclər arasında dünya çempionu kimi qayıtmışıq. İnsan özü nəticə verəndə başqalarının nəticələrinə dırnaqarası baxmamalıdır".

Картинки

Əliyev vaxtı ilə Kənan Vəlixanovu Ukraynadan Azərbaycana onun gətirdiyini də vurğulayıb: "Bakıdakı Şahmat Olimpiadasına həsr olunmuş bəstəçilik yarışını mən öz hesabıma, federasiyadan 1 qəpik almadan keçirmişəm. 150-yə yaxın yarışda yer tutmuşam. Kənandan neçə il qabaq bəstəçilik üzrə beynəlxalq hakim olmuşam. Onda Azərbaycanda bir dənə də beynəlxalq hakim yox idi. Ancaq özümü onun kimi reklam etmirəm. 2 ildir ki, gəlib ölkəyə, hər şey istəyir, hər şeyi öz adına keçirdir. Ağac bar verdikcə, başını aşağı salar. Ancaq o, tərsinə edir, hamını tənqid edir. Kənan çox istedadlı şahmat bəstəçisidir. Buna bir sözüm yoxdur. Onun Ukraynadan gəlməsinin səbəbkarlarından biri mən olmuşam. Ancaq bir dəfə məni yada salır? Ona saatlarla proqramları mən öyrətmişəm, nə qədər köməklik etmişəm. Niyə bəs bunları açıqlamalarında qeyd etmir? Deyir ki, kitabım 100 tirajla çıxıb, federasiya buna heç bir köməklik etməyib. Federasiya bəyəm kitab satandır? Mənim də "Şahmat Yaradıcılığım" adlı kitabım 320 tirajla çıxıb, artıq 200-nü şahmatçılar arasında satmışam. Bilirsiniz, o niyə məşqçi kimi işləyə bilməz? Çünki onun ali təhsili yoxdur. Pedaqoji fəaliyyətlə məşğul olmayıb. O sadəcə şahmat bəstəçiliyi üzrə idman ustasıdır. Şahmat üzrə idman ustası deyil. Bunlar ayrı-ayrı şeylərdir. Şahmatçımız Rauf Məmmədov bir dəfə həlletmə üzrə Azərbaycan çempionatında çıxış etdi, yer tuta bilmədi. Özü də təəccübləndi ki, bu necə olur?! Yəni şahmat oynamaq ayrı, şahmat bəstəçiliyi ilə məşğul olmaq ayrı şeydir".

İlham Əliyev Vəlixanovun bir fikri ilə razı olduğunu da bildirib. O qeyd edib ki, bəli, federasiya şahmat bəstəçiliyinə şahmat kimi diqqət ayırmır: "Kənanın bu sözləri ilə razıyam ki, bizim Şahmat Federasiyamız Bəstəçilik Komissiyasının nəticələrinə qısqanc yanaşır. Mən özüm bunu dəfələrlə hər yerdə demişəm. Dünyada II yeri tutmuşuq, lakin federasiya bizimlə maraqlanmayıb. Sadəcə mən nəticələrimiz haqda mətbuata açıqlama verməklə idman ictimaiyyətini məlumatlandırmışam. Bizi nəticələrimizə görə heç mükafatlandırmırlar. Dəfələrlə Faiq Həsənova bizə diqqət ayrılması haqda demişik. Deyir ki, pul yoxdur. Dünya və Avropa çempionatında II yerə çıxdıq, bizi heç televiziyaya çağıran olmadı. Bizə federasiyada əsas dəstəyi vitse-prezident Mahir Məmmədov verir. O da şəxsi öz hesabından. Çünki o özü də vaxtı ilə şahmat bəstəçisi olub, bizi başa düşür. Sovet dönəmində bizim bəstəçilikdə yaxşı ənənələrimiz olub. Lakin SSRİ dağıldıqdan sonra durğunluq oldu. Yalnız son 6 ildə mən sıfırdan başlayıb komandanı yığdım. Nəticələrimiz də internetdə var. Hətta buna görə Azərbaycan yığmasını nümunə çəkirlər. Ancaq mənim işlərimi kimsə öz adına çıxarmaq istəyir".

Qaynarinfo.Az