"İran qazını Ermənistan üzərindən satmağa qərar versə, bu həqiqətən bizim üçün ciddi suallar yaradacaq". Bu sözləri Qaynar.info-ya siyasi şərhçi Elxan Şahinoğlu prezident İlham Əliyevin İrana səfəri, müzakirə olunacaq mövzular və İran qazının Gürcüstana satılması ilə bağlı məsələni şərh edərkən deyib.
Ekspert bildirib ki, prezidentin səfəri zamanı iki dövlət arasında boru və tranzit xətləri üzrə fikir mübadiləsi aparılacaq: "İran üzərindən sanksiyalar götürüldükdən sonra bir çox dövlətlər onlarla iqtisadi əməkdaşlığa çalışır. İran prezidenti də bu yaxınlarda Avropaya səfər etdi və bir sıra müqavilələr imzalandı. Bölgənin bütün dövlətlərinin, o cümlədən Azərbaycanın İranla əməkdaşlığı genişləndirməyə ehtiyacı var. Azərbaycanın ən çox maraqlı olduğu layihə Rusiya ilə İranı birləşdirən dəmir yolu xəttinin işə düşməsidir. Bu Azərbaycana əlavə gəlir gətirə, həm də tranzit ölkə statusunu artıra bilər. Düşünürəm ki, bu məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq. İran qazının Avropa bazarına çatdırılması üçün Azərbaycan münbit bir ərazidir. İran istəsə və maraqlı olsa, rahat şəkildə öz qazını Türkiyə üzərindən Avropaya çatdıra bilər. Əsas müzakirə məhz bu mövzular ətrafında gedəcək".
Elxan Şahinoğlunun sözlərinə görə, İran qazı Gürcüstana iki yolla sata bilər: "Azərbaycan ya da Ermənistan üzərindən sata bilər. Əgər İran qazı Ermənistan üzərindən satmağa qərar versə, bu həqiqətən bizim üçün ciddi suallar yaradacaq. Gürcüstan da çalışmalıdır ki, İran öz qazını Azərbaycan vasıtəsiylə satsın. Çünki Azərbaycanla strateji tərəfdaşlıq sazişi var. Gürcüstan istədiyi ölkədən qaz ala bilər. İran da əslində Azərbaycanla əməkdaşlığa üstünlük verər. Çünki Ermənistanın elə bir imkanları, pul qazandıracaq layihələri yoxdur. Azərbaycanın isə belə imkanları var. İnvestisya imkanları və hazır boru xətləri var. Kaxa Kaladze İrandan qaz almaq istəyirsə, Azərbaycan marşurutuna üstünlük verməlidir. Ermənistan vasitəsiylə alsa, bu Gürcüstanın Azərbaycan üçün xoş olmayan addımı olacaq".
Qaynar.info