Xəbər lenti

"Hələ Media Komitəsinin sümüyü bərkiməyib" - Arif Əliyev
İdman17:57 22.02.2016

"Hələ Media Komitəsinin sümüyü bərkiməyib" - Arif Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda ictimai-siyasi durumun yaxşı olmadığı hamıya bəllidir. Dekabrdakı ikinci devalvasiya bir çox sahələrə zərər vurdu. Bu sahələrdən biri də mətbuat oldu. Mətbuatı şaxələndirsək, idman KİV-i daha acınacaqlı durumdadır. Belə ki, ictimai-siyasi saytlardan fərqli, reklam bazarında o qədər də ciddi qəbul edilməyən idman mətbuatı çöküş halını yaşayır. İdman saytlarının əsas gəlir mənbəyi olan klubların reklamları kəsilib. Bu da öz futbolçularına belə pul verməyi bacarmayan klubların maddi sıxıntıları ilə bağlıdır.
Bu üzdən AFFA idman elektron KİV-nə maddi yardım etmək qərarına gəlib. Bunun üçün idman jurnalistləri ilə yanvarın 28-də və fevralın 19-da 2 görüş keçirilib. Son görüşün nəticəsi olaraq hələ əsasnaməsi hazır olmayan Media Komitəsinin yaradılması qərara alınıb. Artıq bu qurumun İşçi qrupunun 6 üzvü də səsvermə yolu ilə müəyyənləşdirilib. Daha 1 nəfər AFFA tərəfindən seçiləcək.
Nizamnamə hazır olmadığından suallar çoxdur. "Media Komitəsi idman mətbuatının inkişafına kömək edə biləcəkmi" sualına yaxın gələcəkdə hamımız əyani şəkildə cavab tapacağıq. Ancaq Komitənin yaradılışı birmənalı şəkildə qarşılanmır. Komitə əleyhinə olan ehtimallardan biri kimi AFFA-nın mətbuatın pis vəziyyətindən yararlanıb maliyyə yatırımı etməklə bu saytlara nəzarəti ələ keçirmə istəyi irəli sürülür. Üstəlik, mayda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Bakıda Avropa çempionatı keçiriləcək. Ölkə başçısının 2 milyon manat ayırdığı AFFA isə mətbuatda bu qitə birinciliyində baş verəcək hansısa çatışmazlıqların tənqid olunmaması üçün əlindən gələni edəcək. Əks halda AFFA-nın baş katibi Elxan Məmmədovun qvardiyası ölkə başçısı qarşısında kreslosunu laxlada bilər. Nəzərə alaq ki, balacalar arasında bu qitə birinciliyinə həm də böyüklər arasında 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatına test xarakteri kimi baxılır.
Media Komitəsinin İşçi Qrupunda 1 nəfərin AFFA tərəfindən müəyyənləşdirilməsi də qaranlıq qalır. Olmazdımı ki, elə bu 1 nəfər də səsvermə yolu ilə idman jurnalistləri tərəfindən seçiləydi? Böyük ehtimalla, həmin o 1 nəfər AFFA ilə media nümayəndələri arasında vasitəçi rolunu daşıyacaq birisi olacaq. İlkin ehtimala əsasən, həmin şəxs AFFA-nın artıq bağlanmış "Futbol dünyası" qəzetinin əməkdaşları arasından ola bilər. Əks halda, AFFA niyə bu 1 nəfəri digərlərindən fərqləndirsin ki?
Belə bir komitənin yaradılmasının indiki durumda mətbuat adına müsbət tərəflərinin də olmasını heç kim danmır. Qeyd etdiyimiz kimi, böhranlı günlərdə maddi dayağın olması müsbət amildir. Təbii ki, qarşı tərəf maliyyələşdirməsindən yararlanıb, "məni tənqid etmə" göstərişini vermədiyi halda...
Qaynar.info olaraq bu məsələ ilə bağlı fikirlər öyrənmək qərarına gəldik.
Media eksperti Arif Əliyev də bu qurumun yaradılmasının yaxşı və pis tərəflərinin olduğunu düşünür: "Əslində bu komitənin əsasnaməsi və ona verilən səlahiyyətlər müəyyənləşdikdən sonra bu haqda daha geniş danışmaq olar. Hər bir təşkilatın media qurumu yaratması ilə bağlı müsbət tərəfi də, mənfi cəhəti də ola bilər. Məsələn, Mərkəzi Seçki Komissiyası özünün mətbuat qrupunu yaradıb və bu da seçkilər dönəmində həmin proseslərin işıqlandırılması üçün çox lazımlı bir vasitədir. Bu qurum müsbət effekt o halda verə bilər ki, jurnalistlərin informasiya ilə təmin olunması, hər hansı bir mübahisəli, etik məsələlərin həll olunması, hər hansı təcili əlaqənin yaradılmasına kömək edilsin. Xüsusilə nəzərə alaq ki, son vaxtlar ölkəmizdə beynəlxalq idman tədbirlərinin sayı çoxalıb, belə olan halda idman jurnalistikasının önəmi, çəkisi də artır. Ancaq bu quruma nəzarət olunacaqsa və ona göstəriş veriləcəksə, bunun müsbət tərəfləri yoxdur... Bu məsələyə bizim həssas və ehtiyatla yanaşmağımızın 2 səbəbi var. Birincisi, deyirlər ki, ilan vuran ala çatıdan qorxar. Biz indiyədək AFFA-nın idman tədbirlərinin işıqlandırılmasına qeyri-adekvat müdaxiləsinin şahidi olmuşuq. Bununla bağlı konfliktlər də baş verib. İkincisi, Azərbaycanda idman jurnalistikası maliyyə və təzyiqlərə cavab vermək baxımından çox zəifdir. Məsələn, dəfələrlə görmüşük ki, hər hansısa komandanı tənqid edən sayt bu klubdan aldığı reklamlardan da məhrum edilib, hətta onun idman tədbirlərinə buraxılmayıb. Hətta yaxınlarda biz jurnalistin həyatına qəsd edilməsi halına da şahidlik etdik. Ona görə bu məsələ həssasdır və burdakı ehtiyatı başa düşürəm. Təəssüf ki, keçmiş təcrübəni nəzərə alaraq, belə bir qurum yaradılmasında pis niyyətin yaxşıdan çox olduğuna inanırıq. Təklif edərdim ki, bu sahədə çalışan jurnalistlər fəal çıxış etsinlər. Hələ ki, bu qurumun nizamnaməsi yoxdur, belə deyək, onun sümüyü bərkiməyib. İdman jurnalistləri AFFA qarşısında yaxşı təkliflər irəli sürməli və vahid mövqedən çıxış etməlidirlər. İdman saytları birləşib vahid proqram hazırlamalı, istər dövlət, istərsə də qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq planları qurmalıdırlar. Media Komitəsinə üzv seçilən həmkarlar digər idman jurnalistlərinin hüquqlarının pozulmaması üçün AFFA qarşısında lazımi şərtlər irəli sürməlidirlər".
Komanda.az saytının köşə yazarı Natiq Muxtarlı isə Media Komitəsinin büdcəsinin azlığından şikayətlənir. O, bu pulla mətbuatın inkişafına nail olmağın qeyri-mümkünlüyünü bildirir: "Ümumiyyətlə, bunadək Azərbaycan mətbuatının real durumu hamıya bəlli idi. Reklam bazarı olmadığı üçün mətbuat kimlərdənsə asılı vəziyyətdədir. Lakin ictimai-siyasi mətbuat hansısa oliqarxlar və KİVDF tərəfindən maliyyələşdirilir. Bu baxımdan idman mətbuatı tamamilə pərakəndə halda fəaliyyət göstərir və bu nəzarətdən ayrı düşüb. Ona görə də idman mətbuatında belə bir qurumun yaradılmasına ehtiyac vardı. Düşünmürəm ki, bu məsələ AFFA-nın ideyasıdır. Fikir verdinizsə, Avropa Oyunları ərəfəsində mətbuatda bir sıra tənqidi yazılar getdi ki, hökumət idman saytlarına nəzarət etmək iqtidarında deyildi. Ona görə də deyirəm ki, bu komitənin yaradılması AFFA-nın yox, "yuxarılar"ın tövsiyyəsidir. Onlar AFFA-ya belə bir göstəriş veriblər ki, idman mətbuatına bir komitə altında nəzarət etmək mümkün olsun. AFFA-da belə bir ideya əvvəldən olsaydı, onlar bunu Azərbaycan futbolunda külli miqdarda pul olan vaxtlarda edərdilər. Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı keçiriləndə FİFA mətbuatı maliyyələşdirmək üçün AFFA-ya vəsait ayırmışdı. Amma həmin ərəfədə bu pulu belə AFFA Azərbaycan idman mətbuatına vermədi, özləri mənimsədilər. Təxminən 1 milyon dollar və ya avroya yaxın məbləğdən söhbət gedir. Ona görə əminliklə deyirəm ki, bu, AFFA-nın ideyası deyil. Elxan Məmmədov son iclasda deyib ki, bu komitəni AFFA ilə yanaşı, Gənclər və İdman Nazirliyi maliyyələşdirəcək. Nazirliyin burda olması onu göstərir ki, deməli, bu, "yuxarılar"ın təşəbbüsüdür. 
Komitəyə ayrılacaq pul isə gülünc məbləğdir. Mənə deyilənə görə, ilə 80 min manat ayrılacaq. Bu pul isə Azərbaycanda sıradan 1 futbolçunun il ərzində aldığı məbləğə bərabərdir. Həmin pulla idman mətbuatına aya təxminən 200 manat düşür ki, bu da çox gülməlidir. Ancaq hələ bilinmir ki, bu gülünc məbləğ necə bölünəcək, birdəfəlik yardımlar nə qədər olacaq, layihələrə nə qədər pul ayrılacaq? Bu pulla heç bir iş görmək olmaz. İlk növbədə məbləği müzakirə etmək lazım idi. Jurnalistlərimiz özləri bu sualı özlərinə verməli idi ki, bu məbləğlə hansı idman mətbuatını inkişaf etdirmək olar? Orda təmsil olunan həmkarlarıma deyirəm: Siz özünüz də orda pis vəziyyətdə qalacaqsınız. Orda iclaslarda iştirak etmiş təxminən 40 idman saytı var. Bölgünü bu kiçik məbləğlə necə aparacaqlar? Məbləğin kiçik olması bu layihənin qeyri-ciddiliyindən xəbər verir. Media Komitəsi bu pulla KİVDF rolunu oynaya bilməz. KİVDF yüksək büdcəyə malikdir və ictimai-siyasi mətbuata kifayət qədər vəsait ayırır. AFFA bu 200-300 manatla yardım edəcəksə, verməsə ondan yaxşıdır. Çünki onsuz da bu pulu versə də, verməsə də, həmin saytların çətin vəziyyəti düzəlməyəcək. AFFA bu məbləğlə idman saytlarına nəzarət etməyi düşünübsə belə, çox naşı addım atıb. Bunun üçün onlar kifayət qədər ciddi məbləğlə çıxış etməli idilər. Belə olardısa, idman mətbuatı vəziyyətinin ağırlığını nəzərə alıb, nisbətən tənqidi yazılarda loyal münasibət göstərə bilərdi. Ancaq Media Komitəsində yer alan bəzi həmkarlarımın prinsipiallığından da xəbərim var. Bilirəm ki, AFFA onları bu yolla susdura bilməz. Tamamilə əminəm ki, görsələr, bu komitənin fəaliyyəti idman mətbuatının inkişafına təsir etmir, qeyd etdiyim həmkarlarım ordan ayrılacaqlar. Bu pul idman mətbuatını ələ salmaq deməkdir. Arada düşünürəm ki, Elxan Məmmədov kabinetində oturub hərdən bizə gülür. Gülür ki, 80 min manata görə onları bir yerə toplayıram, aralarında çəkişmə salıram və s."
Bu qurumun AFFA yanında Media Komitəsi kimi adlandırılacağı gözlənilir. Lakin bu ad ən azından komitəyə AFFA-nın bilavasitə nəzarət edəcəyi mənzərəsini yaradır. Məsələn, Mətbuat Şurası hüquqi əsaslara görə, qeyri-hökumət qurumu kimi fəaliyyət göstərir. Bununla belə, Şuranın KİV-ləri "qara siyahı"ya salma kimi kifayət qədər ciddi funksiyaları mövcuddur. Bax, bu qurumun da sadəcə Media Komitəsi adı altında fəaliyyət göstərməsi, sonradan ayrıca qeyri-hökumət təşkilatına çevrilməsi mümkün deyilmi? Niyə məhz AFFA-nın daxilində yaradılsın ki?
Media Komitəsinin İşçi Qrupunun üzvlərindən seçilən "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmliyə də tribuna verdik. Ona həm bu, həm də komitənin illik büdcəsi ilə bağlı suallarımızı ünvanladıq: "Məncə, bu qurumun adının AFFA yanında Media Komitəsi olması daha uğurlu variantdır. Yeri gəlmişkən, adın belə olmasını da mən təklif etmişəm. Mətbuat Şurası kimi qurum olması mümkün deyil. Amma hələlik ada dair yekun qərar verilməyib. Komitənin büdcəsinə dair də dəqiq rəqəm yoxdur. Sadəcə, ilkin kapital kimi 80 min manat variantı səsləndi. Bura əlavə kapital cəlb etmək olar və mümkündür. Ümumiyyətlə, Media Komitəsi ilə bağlı bir çox sualların cavabının özümə də bəlli olmadığı məqamda ətraflı danışmaqda çətinlik çəkirəm. İndi sadəcə, quru divarlar var. Qoy detallar dəqiqləşsin, ondan sonra ətraflı danışarıq. Əlbəttə, illik 80 min manat o qədər də böyük məbləğ deyil. Amma faciəvi dərəcədə az da deyil. İşləmək, pulu artırmaq lazımdır.. Çərşənbə günü AFFA-da növbəti iclas olacaq. Məncə, orda bir çox məsələlərə aydınlıq gələcək. Amma ümumilikdə işlər AFFA-nın Hesabat Konfransına qədər bitməlidir".
Göründüyü kimi, Mahir Rüstəmli də hələ çox şeyə aydınlıq gəlmədiyi qənaətindədir. Bu üzdən hadisələrin sonrakı gedişatını gözləmək məcburiyyətindəyik...
Səbuhi TOFİQOĞLU