Xəbər lenti

"Hətta Meksikada da "Neftçi"nin adından istifadə edirlər" - Tahir Süleymanov
İdman09:03 25.02.2016

"Hətta Meksikada da "Neftçi"nin adından istifadə edirlər" - Tahir Süleymanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən meksikalı futbol veteranı Erik Marinin yalanlarla dolu açıqlamalarını təqdim etmişdik. Xatırlatma üçün qeyd edək ki, o, ölkəsində yalandan Bakının "Neftçi" klubunda oynadığını, özünü ölkə xaricində sınamış "Gopçu Pirim" kimi təqdim etmişdi.

Qaynar.info xəbər verir ki, bununla belə, bu futbolçunun Azərbaycanda baxışda olması istisna deyil.

Lakin "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov saytımıza işlədiyi 2009-2014-cü illər ərzində belə bir futbolçu ilə maraqlanmadıqlarını bildirib: "Elə futbolçu tanımıram... Biz ümumiyyətlə çalışdığımız dönəmdə əsasən baxışa futbolçu çağırmırdıq. Gənclər istisna olmaq şərtilə. Özünə güvənən və hörmət edən klub və futbolçu baxışdan istifadə etməz. Təbii ki, istisnalar ola bilər. Amma hədəfi olan klub və futbolçulardan söhbət gedir".

Süleymanov bu məsələdə meksikalı jurnalistin məlumatsız olduğunu və belə yalanı saytında işıqlandırmasına görə onu günahlandırıb: "XXI əsrdə yaşayırıq. Təki bizim jurnalistlərin də Meksikadakı kimi şəraiti olaydı. İstənilən mənbəyə girib baxmaq meksikalı jurnalistlər üçün problem idi? Meksika futbol bazarı ümumiyyətlə bahalıdır. Onların çempionatında futbolçulara çox böyük pullar ödənilir. Dünya futbolunu bildiyimiz üçün Meksikaya, meksikalı futbolçulara heç vaxt müraciət etməmişik. Çox keyfiyyətli futbolçuları var, amma qeyd etdiyim kimi, çox bahalıdırlar. Sıradan futbolçular isə bizi heç vaxt maraqlandırmayıb. Keyfiyyət olmayan yerdə nəticə ola bilməz.

O futbolçu Azərbaycanı ya Marsda hesab edir, ya da geridə qalmış ölkə kimi düşündüyündən, yəqin elə bilib onun açıqlamaları Azərbaycana gəlib çatmayacaq. Amma bir daha bu onu göstərir ki, "Neftçi" böyük klubdur və hətta Meksikada da reklam üçün adından istifadə edirlər".

Qeyd edək ki, Erik Marin futbolçu karyerasını 2010-cu ildə başa vurub.

Qaynar.info