
AVRO 2016-da Uelsə uduzan (0:3) Rusiya yığması turnirlə vidalaşıb.
Qaynarinfo.az lenta.ru saytına istinadən xəbər verir ki, şimal qonşularımızın Avropa çempionatındakı uğursuz çıxışına bu ölkənin Dövlət Duması da biganə qalmayıb.
Belə ki, Dumada Rusiya millisinin dağıdılması təklifi irəli sürülüb. Konkret olaraq, bu təklif Dövlət Dumasının Bədən tərbiyəsi, idman və gənclərlə iş üzrə komitəsinin sədri Dmitri Svişyovdən gəlib.
O bildirib ki, Rusiya yığmasının Avropa çempionatındakı uğursuz çıxışı əslində təəccüblü deyil: "Hər şey gözlənilən idi. Sadəcə, hamı möcüzəyə ümid edirdi, o da baş vermədi. Görünür, möcüzələr olmur. Məntiqi sonluq qeydə alındı və biz Fransanı tərk edib, evə qayıtmalı olduq. Danışılası bir şey yoxdur. Köklü dəyişikliklər lazımdır. Heyətdə olan bütün futbolçuları qovub, bu yığmanı dağıtmalıyıq. İşə yeni, təmiz səhifədən başlamalıyıq. Əks təqdirdə, xeyri olmayacaq”.
Qeyd edək ki, AVRO 2016-nın qrup mərhələsində Uelslə yanaşı, Slovakiyaya da uduzan (1:2) ruslar yalnız İngiltərədən xal almağı (1:1) bacarıblar. Onda da ruslar son dəqiqədə vurduqları qol hesabına məğlubiyyətdən xilas olublar.
Qaynarinfo.az