
Hamilton, Rosberq, Alonso və digər pilotlar 17-19 iyun tarixlərində Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisinə tam hazırdırlar.
Qaynarinfo.az xəbər verir ki, dünyanın ən məşhur Formula 1 pilotları ən yeni şəhər treki olan Bakı Şəhər Halqasında keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisində iştirak etmək üçün bu yay ilk dəfə olaraq Bakıya səfər etməyi səbirsizliklə gözlədiklərini ifadə ediblər.
Azərbaycanda ilk dəfə baş tutacaq Formula 1 yarışında iştirak edəcək üçqat dünya çempionu Luis Hamilton, onun komanda yoldaşı və hazırda davam edən Formula 1 Dünya Çempionatının lideri Niko Rosberq (Mersedes AMQ Petronas), Daniel Rikkardo (Red Bull Rasinq), Valtteri Bottas (Uilyams Martini Rasinq), Niko Hülkenberq (Sahara Fors İndiya), o cümlədən, ikiqat dünya çempionu və Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso (Maklaren Honda) Formula 1 təqvimindəki ən yeni şəhər treki barədə fikirlərini Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə bölüşərək, qarşıdan gələn və şəhər trekləri arasında ən sürətlisi olacağı gözlənilən yarışda güclərini sınamaqdan məmnun olduqlarını bildiriblər.
Luis Hamilton: “Mən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm. İştirak edəcəyim bu yarışa ev sahibliyi edəcəyiniz üçün təşəkkürümü bildirirəm. Bacardığım qədər çox insanla görüşməyə çalışacağam. Bu yarışı həvəslə gözləyirəm”.
Niko Rosberq: “Avropa Qran Prisinin keçirilməsi çox təqdirəlayiq haldır və ümid edirəm ki, çoxlu sayda avropalı azarkeş bu yarışı izləməyə gələcək. Əminəm ki, əhval-ruhiyyə çox yüksək olacaq”.
Daniel Rikkardo: “Bu yarış (Avropa Qran Prisi) yeni bir macəradır. Bu yarış mövsümə yeni əhval-ruhiyyə gətirəcək. Ən əsası, bu, şəhər treki olacaq. Mən şəhər treklərini xoşlayıram”.
Valtteri Bottas: “Mən Bakıda yarışmağı həvəslə gözləyirəm. Əslində, mən heç vaxt orada olmamışam. Odur ki, Bakı mənim üçün həm səyahət edəcəyim yeni bir məkan, həm də yarışacağım yeni trek olacaq. Mən həqiqətən də bu yarışı böyük səbirsizliklə gözləyirəm”.
Niko Hülkenberq: “Mən yarışların şəhər treklərində keçirilməsini alqışlayıram. İndi hamı Bakı Şəhər Halqasının qədim şəhərdən keçən hissəsi barədə danışır. İçərişəhərdən keçən o yol getdikcə daralır. Məncə bu, kifayət qədər maraqlıdır”.
Fernando Alonso: “Bu trek həddindən artıq sürət yığmağa imkan verən bir trekdir. Fikrimcə, Bakıdakı yarışda biz ən yüksək sürətə, 340 km/saata çata bilərik. Şəhər trekində belə sürət əldə etmək əvəzolunmaz bir hissdir”.