
AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığmasının çalışdırıcısı Niko Kovaç sentyabrın 3-də Bakıda keçiriləcək qarşılaşma haqda fikirlərini açıqlayıb.
Qaynar.info xəbər verir ki, Kovaç "Yutarnyi List"ə verdiyi müsahibəsində maraqlı fikirlər səsləndirib:
“Robert Prosineçki Xorvatiya millisini çox yaxşı tanıyır. Bunda qeyri-adi bir şey yoxdur. O, güclü ekspertdir və komandamızı 5 barmağı kimi tanıyır. Prosineçki ilə uzun illər bir yerdə çıxış etmişik. Onunla münasibətlərimiz də çox yaxşıdır. Sabiq komanda yoldaşım pis durumda olan millinin “sükanı arxası”na keçib. Cəmi 2 seçmə və 2 yoldaşlıq oyununda komandaya rəhbərlik etməsinə baxmayaraq, yığmanı ayağa qaldıra bilib. Artıq bu yığmanın öz üslubu və siması formalaşıb. O, Azərbaycan millisini modernləşdirib. İndi bu komanda ciddi rəqibdir. Prosineçki futbolçu olanda da “Barselona”nın oyun üslubunu – topla oyunu çox sevirdi. İndi də bunu rəhbərlik etdiyi yığmaya aşılamaqdadır. Düzdür, millidəki ifaçıların hamısı buna uyğun səviyyədə deyil. İnanmıram ki, Osiyekdəki kimi yenə də Azərbaycan millisinə 6 qol vuraq. Həmin matçda meydan sahibi də biz idik. Bu dəfə isə səfərdə oynayacağıq. 35 dərəcə istidə bizim üçün çətin olacaq. Həm də Azərbaycanda futbol rəhbərləri Prosineçkidən nəticə gözləyir. Amma mən rəqibdən qorxmuram. Sadəcə, həmişə rəqibə hörmətlə yanaşıram”.
Qeyd edək ki, Niko Kovaç və Robert Prosineçki 1996-2002-ci illərdə Xorvatiya yığmasında birlikdə çıxış edib.
Qaynar.info