
Britaniyalı boksçu Tayson Fyuri "Ze Rollinq Stoun" jurnalına müsahibə verib.
Qaynarinfo.Az xəbər verir ki, qanında dopinq tapıldığı üçün çempionluq kəməri əlindən alınan 28 yaşlı boksçu istifadə etdiyi narkotika, ona qarşı edilən rasizm kampaniyasından və rinqə qayıtmamaq istəyindən danışıb. Müsahibəni ixtisarla təqdim edirik.
- Tayson, gəlin, əvvəldən başlayaq. Siz kokain qəbul etmisiniz?
- Vladimir Kliçko üzərində qələbə qazandıqdan sonra mənə qarşı təqib başladı. Məni təhsilim, milliyyətim və hərəkətlərimə görə təqib edirdilər. Xüsusilə Böyük Britaniyada. Mənim tarixdə ən böyük boksçulardan biri ilə matç-revanş keçirməyim lazım idi, ancaq məni çirkaba bulaşdırdılar. İBF mənim kəmərimi əlimdən aldı və Kliçko ilə 2-ci görüşdən sonra onu dərhal qoruya biləcəyimi gözəl bilərək kəməri bilinməyən kiməsə verdi. Bu aydın şəkildə korrupsiyadır! Onlar məni boksdan atmağa çalışırlar, çünki məni özlərinə tabe edə bilmirlər. Heç kim mənim arxamda açar fırlada bilməz! Sonra kokainlə mənim hekayəm başladı...
- Siz hesab edirsiniz ki, milliyyətinizə görə Britaniyada təqib olunursunuz?
- Birmənalı şəkildə, bəli! Mən irland "səyyah"am və mənim xalqım hər gün rasizmlə üzləşir. Hətta dünya çempionu olduqdan sonra həyat yoldaşımla məni bir neçə dəfə milliyyətimə görə Londonun dəbdəbəli restoranlarına buraxmadılar! Buna qəzəbləndim, ancaq heç nə edə bilməzdim. Mənə məxsus ölkə məndən nifrət edir!
- Siz deyirsiniz ki, kokain qəbul etməmisiniz. Deməli, dopinq-test saxta idi?
- Qulaq asın, mən həyatda çox şey etmişəm. Çox kokain qəbul etmişəm. Bu mənim həyatımdır və istədiyimi edə bilərəm. Ancaq axı bu dopinq deyil! Bu maddə nəticələrin yaxşılaşdırılması üçün deyil. Mən onu məşqləri bitirdikdən sonrakı bir neçə ay ərzində qəbul etməyə başlamışam. Mənə süni şəkildə yüklənən depressiya ilə mübarizə aparırdım!
- Siz kokaindən başqa, daha hansısa narkotik maddə qəbul etmisiniz?
- Yox, heç vaxt.
- Sizin depressiyanız...
- ... Hazırda mən xəstəxanada mənə kömək etməyə çalışan 10 psixiatrın əhatəsindəyəm. Onlar deyir ki, məndə manik depressiyadır. Mən balaca olanda boksu çox sevirdim. Bu mənim həyatım idi. İndi isə boks mənə tərsdir. Hətta çempionluq döyüşünə baxmaq üçün küçəyə çıxmazdım. Yuxudan oyanmaq istəmirəm. Ümid edirəm ki, mən özümə intihar etməzdən əvvəl, kimsə məni öldürəcək. Əks halda cəhənnəmdə əbədiyyətə qovuşacağam.
- Siz indi hardasınız?
- Mən dəhşətli yerdəyəm. Bilmirəm ki, mən bura özüm gəlmişəm, yoxsa gətiriblər. Nə baş verdiyini bilmirəm. Düzünü desəm, hətta bilmirəm ki, ilin sonunadək yaşamağı bacarağam, yoxsa yox.
- Siz kömək hiss edirsiniz?
- Bəli, onu hiss edirəm. Ancaq onlar mənə heç nə edə bilməzlər. Mənim xəstəliyim sağalmazdır. Yaşamaq istəmirəm! Əgər xoşbəxt deyilsinizsə, dünyada bütün pullar heç bir əhəmiyyət kəsb etmir. Mən isə bədbəxtəm.
- Etiraf edirsiniz ki, siz daima Kliçko ilə matç-revaşdan qaçmısınız, çünki depressiyadan əziyyət çəkmisiniz?
- Düzünə qalsa, hə. Bir neçə aydır, idman zalında olmamışam. İçki içmişəm, kokain qəbul etmişəm və reallıqdan qaçmağa çalışmışam.
- Məgər dopinq-testlər standard prosedurlar sayılmır?
- Onlar məni bir neçə həftə ərzində 6 dəfə yoxladılar. Bir neçə gün əvvəl onlar evimə saat 1.30-da gəldilər və yalnız saat 9-da evdən çıxdılar! Bu nədir? Onlar sadəcə məni dəli edirlər! Bəli, mən ağlımı itirmişəm, ancaq bu məni narahat etmir. Onlar qalib gəldilər. İndi isə mən donuz kimi yağlıyam. Mən autdayam.
- Ailəniz sizinlədir?
- Bəli.
- Öz demonlarınız və depressiyalarınızla bütün həyatı boyu mübarizə aparmısınız?
- Bilirsiniz, mən bir neçə il boyunca bununla mübarizə aparmışam. İndi isə yorulmuşam. Tunelin sonunda işıq görmürəm. Ailəmdə daim qalmaqallar olub. Həyat yoldaşım deyir ki, mənimlə yaşaya bilməz, çünki ağlımı itirmişəm. Mən ailəmi, həyat yoldaşımı, uşaqlarımı itirmişəm. Hər şeyi! Hamısını da boks üzündən! Allaha yalvarıram ki, həyatımda daha bu idman növü olmayaydı. Digər tərəfdən, mənim komandam önündə öhdəliklərim var... Bu gün mən XXI əsrdə hansısa quldan çox, özümə qarşı rasizm hiss edirəm. Məhəmməd Əli qaradərililərə qarşı ayrı-seçkiliyə etiraz əlaməti olaraq öz Olimpiya medalını atmışdı, mən də bu cür etirazımı bildirmək qərarına gəldim. Mən İBF çempionluq kəmərimi unitaza atdım, çün məni aşağılamışdılar və tapdalamışdılar...
- Siz rasizmdən irəli gələn öz depressiyanızı kokain vasitəsilə düzəltməyə çalışdınız?
- Bəli. Buna qədər heç vaxt dopinq qəbul etməmişdim. Eşidirsiniz, mən hətta baş ağrısını kəsmək üçün aspirin içməmişdim! Öz xəstəliklərimlə təbii yollarla mübarizə aparmışam.
- ... Sizin hazırkı durumunuz rinqə çıxmağa imkan vermir...
- Bəli, bu belədir. Mən Hollandiyada məşq düşərgəsində olanda, hər gecə qışqırırdım. Orda olmaq istəmirdim. Öz əmimə və məşqçim Piterə dedim ki, daha dözə bilmirəm. Dedim ki, məşqlər məni pozur, evə getmək, içmək və unutmaq istəyirəm. İndi isə demək olar ki alkoqolikəm. Mən bazar ertəsindən bazar gününədək içirəm. Bu məni narahat edir. Mən yalan danışmıram. Niyə də yalan danışım. Bəli, mən spirtlə qarışdıraraq kokain qəbul etmişəm.
- Siz hələ kokain qəbul edirsiniz?
- Yox. Dayandırmışam. Təxminən bir neçə həftə əvvəl.
- Həqiqətən?
- Hər şeyi unutmağa çalışıram. Boksu, narkotikanı, içkiləri dayandırmışam. Allaha tərəf gedərək kilsəyə döndüm. Bunların hamısı indi mənim üçün önəm kəsb edir. Məni digər insanların fikirləri narahat etmir. Hətta ən yaxınlarımın. İstəyirəm ki, mən və ailəm sülh içində yaşasın. Qalanları vacib deyil.
- İndi özünüzü yaxşı hiss edirsiniz?
- Fikrimcə, hə. Mən ailəmə, uşaqlarıma, həyat yoldaşıma qayıtmağa çalışıram. Bunu etməliyəm. Nə haqda danışdığımı başa düşürsünüz. Uşaqlarım olduqca çox atasız qaldılar. Mən onlara kömək etmək üçün qayıtmalıyam.
Qaynarinfo.Az