
Bəhram Bağırzadənin ayrılmasından sonra "Neftçi"nin Müşahidə Şurasında hələ də bir yer boşdur. Yaxınlarda bu posta Nazim Süleymanovun təyin olunacağını xəbər vermişdik.
Ancaq təyinat gecikdiyi üçün Qaynarinfo.Az Müşahidə Şurasının üzvlərindən Səməd Qurbanovla əlaqə saxlayıb.
Qurbanov da yeganə namizədlərinin yalnız Nazim Süleymanov olduğunu bildirib: "Zirə" ilə kubok oyununda bu məsələ ayaqüstü müzakirə olundu. Çingiz müəllim ("Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev - red.) də "Neftçi"nin sabiq veteranı kimi Nazim Süleymanova simpatiya bəsləyir. Ondan başqa namizədimiz yoxdur. Açığı, Nazimin özünə hələ bu haqda məlumat verməmişik. Ancaq güman edirik ki, təklifimizi qəbul edəcək. Çünki hazırda işsizdir. Kubok oyununda edilən qısa müzakirəyə əsasən bu həftə şuranın iclası keçiriləcək və bu toplantıda yeni üzvün adı rəsmən bəlli olacaq".
Qeyd edək ki, ötən ay 19 yaşadək millimizdən ayrılandan sonra işsiz qalan Nazim Süleymanov Mingəçevirin "Avtomobilçi" klubunun yetirməsi olsa, futbolçu kimi peşəkar karyerasına "Neftçi"də başlayıb. O, 1983-1990-cı illərdə "Neftçi"də özünü göstərdikdən sonra Rusiyada legioner karyerası yaşayıb. Hazırda 51 yaşı olan Süleymanov 2013/14 mövsümündə isə "Neftçi"də baş məşqçi işləyib. Onun Müşahidə Şurasına təyinatı rəsmiləşsə, "Neftçi"yə 3-cü qayıdışı gerçəkləşəcək.
Qaynarinfo.Az