
Ötən tur "İnter" - "Qəbələ" (1:1) matçında qonaqların 2 futbolçusunun zədələnməsi söz-söhbətlərə səbəb oldu.
Zədələnməyə səbəb kimi oyunun keçirildiyi "İnter Arena"nın süni örtüklü olması göstərildi. Təbii ki, söz-söhbətlərin böyüməsi rəqibin Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ" olması idi. Yəni zədələnən futbolçular "Sumqayıt", "Zirə", AZAL və ya "Kəpəz"dən olsaydı, bu qədər ajiotaj yaranmayacaqdı.
Artıq dünən AFFA-nın baş katibi Elxan Məmmədov da "Futbol Saatı" verilişində "İnter"in köhnə adı "Şəfa" olan bu stadionu növbəti mövsümdən təbii ot örtüyünə keçirəcəyini bildirib. Məmmədov bunu ona klub prezidenti Rəşad Qasımovun dediyini söyləyib.
Lakin "İnter"in prezidenti Rəşad Qasımov Qaynarinfo.Az-a verdiyi açıqlamasında bu məsələnin dəqiq olmadığını bildirdi:
"Örtüyün dəyişdirilməsi məsələsi biz tərəfdən "Qəbələ" ilə oyundan sonra qaldırılmayıb. Hələ bu ilin mayında bu məsələ barədə düşünürdük. Sadəcə, bildiyiniz kimi, bu il maliyyə problemlərimiz vardı. Bu mövsüm həmin problemləri həll etməyə çalışdıq. Əsas istiqamət futbolçulara olan borcların ödənilməsinə yönəldilmişdi. İnşallah, örtüyün dəyişdirilməsi məsələsinə də gələn ildən baxarıq.
Bu birbaşa Beynəlxalq Bankın vəziyyətindən asılı olacaq. Ola da bilsin ki, dövlət proqramı vasitəsilə ot örtüyü dəyişdirilsin. May ayında bu məsələni qaldıracağıq. Ancaq hazırda bu barədə danışmaq çox erkəndir. Rəşad Qasımovun şəxsi vəsaiti yoxdur ki, tam dəqiq bu barədə bir söz deyim. Hər şey öncədən ölçülüb-biçilməli, bir qərara gəlinməlidir. Təbii ki, hamı təbii ot örtüyündə oynamaq istəyər. Bunun başqa yolu yoxdur. AZAL, "Sumqayıt" və "Zirə" klublarında da süni örtük problemi var. Ümumiyyətlə, süni örtük Azərbaycan futbolunun problemidir".
Qaynarinfo.Az