
Bakının "İnter" futbol klubunda islahatlar davam etməkdədir.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, uzun müddət "İnter"də çalışan və son dönəmlərdə klubda menecer funksiyalarını yerinə yetirən Aleksey Barvinski klubdan ayrılıb.
Səbəb isə Aleksey Barvinskinin idmandan kənar yeni layihəsinin olmasıdır. Yəni tərəflər arasında narazılıq olmayıb və qarşılıqlı şəkildə ayrılıq baş tutub.
Bunu dəqiqləşdirmək üçün "İnter"in prezidenti Rəşad Qasımovla əlaqə saxladıq. Qasımov da bunu təsdiqlədi: "İnter"də onsuz da kadr dəyişiklikləri gedirdi. O da bizə yeni layihəsinin olduğunu və klubdan ayrılmaq istədiyini söylədi. Beləcə onunla fikirlərimiz üst-üstə düşdü".
Bəs onun yerinə menecer vəzifəsinə kim gətiriləcək? Rəşad bəy bu suala belə cavab verdi: "İnter"də menecer vəzifəsinə yeni əməkdaş cəlb olunmayacaq. Onun gördüyü işləri klubumuzun əməkdaşlarından birinə həvalə edəcəyik. Hələ bunu müəyyənləşdirməmişik. Bunu klubdaxili toplantıda müəyyən edəcəyik".
Qeyd edək ki, bu klubda baş menecer vəzifəsi rəsmi olaraq Fərəc Əliyevə məxsusdur.
Qaynarinfo.az

