
Az öncə xəbər verdiyimiz kimi, Bakının "İnter" klubu barəsində UEFA-nın tətbiq etdiyi 1 illik avrokubok cəzasına görə müraciət etdiyi İdman Arbitraj Məhkəməsindən (CAS) müraciətini geri götürüb. Klub bunu CAS-ın UEFA-nın qərarını ləğv etmək ehtimalının az olması və klubun maliyyə vəsaitinin qorunması məqsədilə etdiyini rəsmi şəkildə bəyan edib. Bu yerdə qeyd edək ki, Lozannada yerləşən bu qurumda məhkəmə xərci 50 min İsveçrə frankıdır.
Lakin ortaya bir sual çıxır. "İnter" bəyəm CAS-a müraciət edərkən orda qalib olmaq şanslarını və məhkəmə xərclərini nəzərə almamışdı? Niyə "İnter" birdən-birə geri addım atmış olsun ki?
Qaynarinfo.az bu məqsədlə "İnter"in prezidenti Rəşad Qasımovun fikirlərini öyrənib. O bunu məhkəmənin hazırlıq prosesi zamanı UEFA-nın təqdim etdiyi sübutlarla və dünya praktikası ilə əlaqələndirib:
"UEFA-nın CAS-a təqdim etdiyi 30-35 səhifəlik sənədləri gördükdən sonra işin məhkəməyə getməsinə lüzum görmədik. Çünki onlar təqdim etdikləri sübutlarda Donetsk "Metallurq"unun və bəzi Kipr klublarının da bizim kimi borcu UEFA-nın göstərdiyi tarixdə ödəmədiyinə görə cəzalandırdıqlarını göstərmişdilər. Həmin klublar da bizim klub kimi borcu sonradan ödəsə də, cəzadan qaça bilməmişdilər. Biz bu kimi hallarda klubların xeyrinə heç bir presedentin olmadığını gördük. Ona görə də məhkəmə rüsumu üçün istənilən 50 minlik frank məbləğini ödəyib əlavə xərcə düşməkdənsə, şikayətimizi geri götürmək qərarına gəldik".
İstənilən halda, "İnter" bu məsələyə girişərkən isveçrəli hüquqşünaslarla məsləhətləşmişdi. Bu cür məhkəmə proseslərində çox iştirak etmiş bu hüquqşünaslar "İnter" rəhbərliyinə dünya praktikasından danışa bilərdi. Görünən odur ki, həmin insanların qələbəyə ümidlərinin olmasının üstündən hansısa amillər xətt çəkib.
Rəşad Qasımovu dinləyək: "Biz UEFA-ya müraciət edərkən məsləhətləşdiyimiz isveçrəli hüquqşünaslar işin xeyrimizə həll olunmaq şanslarımızın 50% olduğunu bildirmişdi. Lakin sonradan həm də müəyyənləşdirdik ki, məhkəməni aparacaq hakimlər UEFA-ya yaxın şəxslərdir. Bu üzdən məhkəmədən bizim xeyrimizə ədalətli qərar çıxacağına inanmadıq. Ona görə müraciətimizi geri götürdük. Əks halda həm işi uduzacaqdıq, həm də pul vəsaitimizi itirmiş olacaqdıq".
Qaynarinfo.az