Xəbər lenti

"İnter"in prezidenti ixtisarlardan, antisanitariyadan danışdı: "Onlar peşəkar deyildi"
İdman07:01 02.03.2016

"İnter"in prezidenti ixtisarlardan, antisanitariyadan danışdı: "Onlar peşəkar deyildi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, Bakının "İnter" klubu mühafizə şirkəti ilə müqavilə bağlayıb. Qaynar.info-ya açıqlamasında "İnter"in prezidenti Rəşad Qasımov bu haqda bunları deyib:

"Ümumiyyətlə, klubda restrukturizasiya aparılır. Bildiyiniz kimi, artıq Beynəlxalq Bank tək "İnter"in baş sponsoru yox, eləcə də sahibidir. Beynəlxalq Bankın səhmlərinin də yarıdan çoxu dövlətə məxsus olduğundan, dolayı yolla "İnter" də dövlətindir. "İnter"in balansında olan mülkiyyət də dövlətə məxsusdur. Təbii ki, dövlət mülkiyyətinin mühafizəsi də başqa formada aparılmalıdır. Bunun üçün əlavə şirkəti bu işə cəlb etməyə ehtiyac duyduq. "Qlobal Sekyuriti"nin peşəkar mühafizəçiləri var. Belədə klubun daxilində əlavə mühafizəçi saxlamağa ehtiyac qalmır. Əvvəlki mühafizəçilər peşəkar deyildi. Sadəcə, keçid dönəmində onlardan istifadə edilirdi. Adını çəkdiyim şirkətlə əməkdaşlıq edəndən əvvəlki mühafizəçilərə ehtiyac yoxdur. Əvvəlki mühafizəçilərin yola salınması da qaydalara uyğun şəkildə həyata keçirilib. Onlara əvvəlcədən bu sahədə ixtisarların olacağı bildirilib, 2 aylıq maaşları kompensasiya şəklində verilib, Məşğulluq Mərkəzinə işdən çıxmaları barədə arayış təqdim olunub. Yəni, hər şey qanunvericiliyə tam uyğun olaraq edilib. Burda heç kimə qarşı haqsızlıq olmayıb".

Qasımov klubun bazası sayılan Keşlə qəsəbəsindəki "İnter Arena"da təmir işlərinə start verildiyini bildirib. O həmin sahələrdə antisanitariya hallarının olduğuna görə belə addım atıldığını söyləyib: "Digər strukturlarımızda da dəyişikliklər var. Artıq bir neçə sahəni təmirə dayandırmışıq. Çünki bazada vəziyyət bərbad şəkildə idi, antisanitariya baş alıb gedirdi. Təbii ki, təmirdən sonra ora qulluq edən işçilərə ehtiyac olmadığından, biz onları da ixtisara salmışıq. Təmir olunan yerlər tam bərpa olunandan sonra ilk növbədə ixtisara düşən həmin işçilərin yenidən qaytarılması nəzərdə tutulub".

Qaynar.info