
Bakının "İnter" Peşəkar İdman Klubuna yeni prezident təyin olunub.
Qaynarinfo.Az saytı xəbər verir ki, klubun sahibi Beynəlxalq Bankda yeni İdarə Heyətinin sədri postunda Elmar Məmmədovu Xalid Əhədovun əvəzləməsindən sonra "İnter"in prezident postunda da dəyişikliyin olacağı gözlənilirdi. Rəşad Qasımovun oktyabrda klubun prezidenti postundan istefa verməsindən sonra müvəqqəti bu vəzifəni "İnter"in Təhlükəsizlik İdarəsinin rəisi Rüfət Abdullayev icra edirdi.
Artıq Beynəlxalq Bank rəhbərliyi bu posta Azər Əliyevi təyin edib. Bəs, kimdir Azər Əliyev? Mətbuatda 2 fərqli Azər Əliyevin "İnter"in prezidenti təyin olunduğuna dair xəbərlər yer alıb. Araşdırarkən bu insanların fərqli insanlar olduğunu görürük.
Azər Əliyev Azərbaycan Sığortaçılar Assosiasiyasının sabiq sədri kimi tanınır. O, 2008 və 2010-cu illərdə bu quruma 2 il müddətinə olmaqla sədr seçilib. 2013-cü ilin yanvarında isə bu posta Orxan Bayramov seçilib.

Digər Azər Əliyev Əmiraslan oğlu isə iqtisad elmləri namizədidir. O da sığorta sahəsində - 2012-ci ildən "Atəşgah" sığorta şirkətinin Maliyyə Departamentinin rəisi işləyib. Ötən il o bu qurumun İdarə Heyətinə üzv təyin olunub. Azər Əliyev həm də "Atəşgah"ın İdarə Heyətinin sədri Tələt Səfərovun müavini olub. Yeri gəlmişkən, sözügedən sığorta şirkətinin saytında onun hələ də bu postda qaldığı göstərilir.

Qeyd edək ki, "Atəşgah Sığorta" və "Atəşgah Həyat" Açıq Səhmdar Cəmiyyətləri "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin 28 üzvündən 1-idir. Hər 2 şəxsin sığorta ilə bağlı qurumda işləməsi isə sualları artırır. Bəs hansı Azər Əliyev "İnter"in prezidenti təyin olunub? Bu yerdə bir məqama da diqqət ayıraq. Beynəlxalq Bankın indiki sədri Xalid Əhədov əvvəllər "Atəşgah Həyat" sığorta şirkətinin Direktorlar Şurasının üzvü olub.
Sonda onu da bildirək ki, onun təyinatını ilk olaraq APA agentliyi yayıb. Lakin hələ ki "İnter"in rəsmi saytı bu barədə məlumat yerləşdirməyib.
Qaynarinfo.Az