
Azərbaycan Milli Karate Federasiyası 2016-cı idman ilinə yekun vurub.
Qaynarinfo.Az xəbər verir ki, bu məqsədlə federasiyanın ofisində keçirilən mətbuat konfransında təşkilatın prezidenti Yaşar Bəşirov, I vitse-prezident Rəhman Hətəmov, vitse prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, qadınlardan ibarət komandanın kapitanı İlahə Qasımova və mətbuat katibi Sənan Məhərrəmov iştirak edib.
Federasiya rəsmiləri karateçilərimizin il ərzində qazandıqları uğurlardan danışıb. Federasiya prezidenti ölkədən kənar keçirilən yarışlarda əldə edilən yüksək əyarlı medalların sayı, paytaxtımızda təşkil edilən yüksək səviyyəli karate turnirləri barədə geniş məlumat verib. Y. Bəşirov dünya karatesinin simvollarından birinə çevrilən Rafael Ağayevin 5-ci dəfə dünya çempionu olmasından, qadınlardan ibarət milli komandamızın ilk dəfə Avropa çempionluğunu qazanmasından, hakimlərimizin iştirak etdiyi seminarlardan ətraflı məlumat verib. Tədbir zamanı jurnalistlərin suallarını cavablandıran Bəşirov bir çox məqamlara aydınlıq gətirib:
"Biz idmançılarmızı yarışlara göndərməklə yanaşı, hakimlərimizi də unutmuruq. Onları beynəlxalq seminarlara göndəririk, hakimliklə bağlı planlı işlər görürük. Artıq onların bir çoxu dərəcələrini yüksəldiblər. Uzun illərdir Dünya Karate Federasiyasının üzvüyük, orada 192 dövlət təmsil olunub. Azərbaycan bu idman növündə qazandığı uğurlarla ən nüfuzlu üzvlərdən biridir. Ona görə bizi bu idman növündə sıxışdıra bilməzlər. Biz istəyirik ki, yığmamızda yerli idmançılar olsun, karate bizim ölkəmizdə sevilən və inkişaf edən idman növüdür. Ona görə təbii ki, azərbaycanlı idmançılara üstünlük veririk. Bizə hətta İran yığmasının üzvü belə müraciət etmişdi. Ağır çəkidə yarışan o idmançı daim yüksək yerləri tutur, ancaq biz onu götürmədik. Çünki o çəkidə bizim yerli, perspektivli gənclərimiz var. Hazırda qadınlardan ibarət millimizdə bir əcnəbi karateçi çıxış edir. İrina Zaretska gənc yaşının olmasına baxmayaraq, sayılıb-seçilən idmançıdır”.
Qeyd edək ki, bu il Rafael Ağayev 5-ci dünya çempionluğu ilə yanaşı, Fransanın Monpelye şəhərində keçirilmiş 51-ci Avropa çempionatında 13-cü dəfə qitənin ən güclüsü ünvanını qazanıb. (Sport FM)
Qaynarinfo.Az