
Xəbər verdiyimiz kimi, Türkiyənin ən böyük klubu sayılan "Qalatasaray"ın Bakıya gəlmək ehtimalı var.
Qaynar.info xəbər verir ki, bu klubun sponsorlarından olan Türk Hava Yolları (Turkish Airlines) Azərbaycanda fəaliyyət göstərməsinin 25 illiyi ilə əlaqədar olaraq "Qarabağ"la "Qalatasaray" arasında Bakıda oyun təşkil etməyi düşünür.
Düzdür, Bakı Olimpiya Stadionunda təşkil edilməsi nəzərdə tutulan oyunun konkret keçirilmə günündə tərəflər razılığa gələ bilmir. Ancaq "Qarabağ" tərəfi oyunun martın 28-i və ya 29-da keçirilməsini istəyir. Maraqlıdır ki, martın 30-da Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində "Qarabağ"ın "Rəvan"la oyunu var. Böyük ehtimalla, "Qarabağ" 1 və ya 2 gün sonra yenidən oyun keçirməyə razı olmayacaq və "Rəvan"la görüşün başqa tarixə keçirilməsi barədə PFL-ə müraciət edəcək.
Qaydalara görə isə PFL özbaşına şəkildə oyunu təxirə sala bilməz. Bunun üçün qarşı tərəfin fikri öyrənilməli və "Rəvan" razılıq verəcəyi halda, oyun başqa günə keçirilməlidir.
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov da saytımıza açıqlamasında buna görə onların fikrinin öyrənilməsinin etik cəhətdən düzgün olduğunu fikirləşir: "Ümumiyyətlə, çox yaxşı məqama toxunmusunuz. "Qarabağ" "Qalatasaray"la oyunun filan tarixdə baş tutmasını razılaşdırmaq istəyir, amma bizə bu barədə məlumat da verilmir. Bu yaxınlarda belə bir şey başımıza gəldi. XXI turda "Zirə" ilə oyunumuz bazar günü keçirilməli idi. Ancaq televiziya çəkilişinə görə oyunu bazar ertəsinə saldılar. Heç bizim fikrimiz də öyrənilmədi. Halbuki bizə oyunun 1 gün sonraya keçirilməsi sərf etmirdi. Çünki oyun qrafikimiz sıxlaşırdı. Ondan sonra "Qəbələ" ilə oyunumuz vardı. Halbuki 1 gün daha çox bu oyuna hazırlaşmaq imkanımız olacaqdı.
"Qalatasaray"ın "Qarabağ"la qarşılaşmaq üçün Bakıya gəlməsi çox yaxşı haldır. İstəməzdik ki, kimsə bizə hörmətsizlik etsin. "Qarabağ" bunun üçün "Rəvan"ın fikrini öyrənsə, əla olardı. Nə olsun ki, onlar çempionatın lideridir, biz isə autsayderi. Təbii ki, oyunun təxirə salınması üçün bizə müraciət olunsa da, olunmasa da, heç bir etirazımız olmayacaq. Çünki Azərbaycan futbolunun inkişafı naminə "Qalatasaray"ın bura gəlməsi çox yaxşı haldır. Mən özüm də o oyuna gedib baxacağam. Çünki 2014-cü ilin dekabrı - 2015-ci ilin yanvarında "Qalatasaray"da 15-20 gün praktikada olmuşam. Özüm də canlı şəkildə Mustafa Dənizlinin gedişindən sonra "Qalatasaray"dakı dəyişiklikləri görmək istəyərəm. Məsələn, "Fənərbaxça" "Xəzər Lənkəran"la oynamağa gələndə həmin matçı stadiondan izləmişdim. Bu dəfə də yəqin ki elə edəcəyəm. Ancaq qarşı tərəfin fikri etika, hörmət naminə öyrənilməlidir. "Qarabağ" tək PFL-ə oyunun ertələnməsi üçün müraciət etməməlidir".
Qaynar.info