
"Qəbələ" klubunun Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Fransanın "Lill" klubudur.
Qaynarinfo.az xəbər verir ki, Belçikanın "Beveren" klubuna 1:0 qalib gələn "Lill"in düşərgəsindən "Qəbələ" ilə oyun haqda maraqlı fikirlər səsləndirilib.
Erik Boteak ("Lill"in yarımmüdafiəçisi): "Qalib gəlməyimiz yaxşı oldu. Bu bizə gələn həftə rəsmi yarış öncəsi özümüzə əminlik verəcək. Əvvəlki yoxlama oyunları çətin keçmişdi deyə, bu matça gündə 2 dəfə məşq keçməklə yaxşı hazırlaşmışdıq. Bu oyun fiziki cəhətdən daha yaxşı durumda olduğumuzu göstərdi. Gələn həftə biz real oyuna çıxacağıq. Ona görə də daha güclü olmalıyıq. "Qəbələ" ciddi, aqressiv komandadır. Biz pley-offa vəsiqə qazanmaq üçün bu 2 matçı yaxşı keçirməliyik. Hazırda bu yöndə işləyirik".
Yassin Benzya ("Lill"in Əlcəzair əsilli yarımmüdafiəçisi): "Yaxşı oyun oldu. Artıq növbəti həftə üçün bərpa olunmalıyıq. Görürük ki, fiziki cəhətdən əvvəlkindən daha güclüyük. Ancaq təkmilləşdirilməli şeylər var. Biz ötən mövsüm avrokuboklarda çıxış etməyə vəsiqə verən yer uğrunda mübarizə apardıq. Ona görə də gələn cümə axşamına kimi hazır olmağa çalışacağıq. Baş məşqçi məni 8 nömrə altında oynatmaq qərarına gəlib. Bu, məşqçinin seçimidir, mənim yox. Əgər o, düşünürsə ki, bu, komandaya fayda verəcək, onda mən əlimdən gələni edəcəyəm ki, komanda yoldaşlarıma köməyim dəysin. Bu gün mən özümü fiziki cəhətdən yaxşı hiss etdim. Düşünürəm ki, yaxşı çıxış etdim. "Qəbələ" ilə oyunadək sağlamlıq və zədə problemim olmasa, hər şey yaxşı olacaq!"
İv Bissuma ("Lill"in malili yarımmüdafiəçisi): "Hesab edirəm ki, yaxşı oynadıq. Rəsmi oyuna kimi bərpa olunmaq üçün özümüzə etimadı möhkəmlətməliydik. Qalib gəlməliydik ki, bunu da bacardıq. Bu, Avropa Liqasında bizə müsbət təsir edəcək. Hazırlıq dönəmində çətinliklərə baxmayaraq, fiziki cəhətdən çox güclənmişik. Mən özümü bu komandada çox yaxşı hiss edirəm. Komanda mənim inkişaf etməyimə kömək edir. Meydanın mərkəzində özümü daha rahat oynayıram. Məşqçi məndən harda istəsə, orda da çıxış edəcəyəm. İstənilən yerdə komanda üçün oynamağa hazıram".
Frank Berya ("Lill"in sağ cinah müdafiəçisi): "Biz hələ məşqlərdəyik. Avrokuboklarda daha çox hücum etməliyik. Bu, sonuncu yoxlama oyunumuz idi. Biz hər bir oyunçunun formaya düşməsi üçün maksimum çalışmalıyıq. Təkmilləşdirilməli çox şeylər var. Oyunçular arasında anlaşmaları qaydasına salmaq lazımdır. Avrokubokda aqressiv oynamalıyıq. Məşqçi bizə bu komanda haqda qısa məlumat verib. Rəqibi qiymətləndirməmək olmaz. Onların macarları keçməsi göstərir ki, "Qəbələ" ilə matç asan olmayacaq".
Qeyd edək ki, "Lill" və "Qəbələ" arasında ilk oyun iyulun 28-də Fransada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
Qaynarinfo.az