"Manatın məzənnəsində kəskin ucuzlaşma olar və bunun adı devalvasiya olmuya bilər. Mərkəzi Bank deyər ki, bizdə üzən məzənnə olduğu üçün heç bir devalvasiya baş verməyib".
Bu sözləri iqtisadçı ekspert Samir Əliyev Qaynar.info-ya açıqlamasında son günlər manatın taleyi ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, Mərkəzi Bankın əsas vəzifələrindən biri manatı sabitliyinə nəzarət etməkdir: "Nə kəskin bahalaşmasına, nə də kəskin ucuzlaşmasına imkan verməməkdir. Bu gün fikirlər səslənir ki, mart ayında devalvasiya olacaq, manat kəskin ucuzlaşacaq. Amma Mərkəzi Bankın rəhbəri açıqlama verir ki, devalvasiya olmayacaq. Əslində bu fikri açıqlamaq düzgün deyil. Ona görə ki, Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə siyasətinə keçib. Bu da o deməkdir ki, məzənnə tələb və təklif əsasında formalaşır. Yəni bazar formalaşdırır. Əgər təklif çoxdursa bahalşdırır, azdırsa ucuzlaşdırır".
Samir Əliyev
Samir Əliyevin fikrincə, Mərkəzi Bankın rəhbərinin "devalvasiya olmayacaq" deməsi o deməkdir ki ,bizdə manatın məzənnəsini bazar yox, Mərkəzi Bank müəyyən edir: "Dekabrın 21-ə qədər bu fikir düzgün idi. Amma ondan sonra Mərkəzi Bank rəhbərinin belə bir fikir səsləndirməsi düzgün deyil. Bizdə manat üzən məzənnəyə keçdiyinə görə məzənnə oynayır. Bu gün bahalaşır, sabah ucuzlaşır. Növbəti gün manatın məzənnəsində kəskin ucuzlaşma olar və bunun adı devalvasiya olmuya bilər. Mərkəzi Bank deyər ki, bizdə üzən məzənnə olduğu üçün heç bir devalvasiya baş verməyib. Sadəcə olaraq bazarın məzənnəsinə uyğun manat tənzimlənib. Düşünürəm ki, məzənnədə ucuzlaşma olacaq.
Manatın bahalaşması üçün heç bir iqtisadi zəmin yoxdur. Bütün iqtisadi vəziyyət milli valyutanın uzuzlaşmasını göstərir. Ona görə də manat ucuzlaşmaqda davam edəcək. Ucuzlaşma hansı həddə olacaq onu demək çətindir. Çünki bu hökümətin davranışından asılıdır. Ola bilər Mərkəzi Bank imkan versin ki, manat yavaş-yavaş uzuzlaşsın. Artıq bir neçə gündür biz bunu görürük. Yaxud birinci devalvasiyadan sonra olduğu kimi, Mərkəzi Bank dirəniş göstərər və manatın ucuzlaşmasına imkan verməz. Bu halda da məzənnə uzun müddət sabit qala bilməz. Əgər qalsa, növbəti kəskin devalvasiyaya gətirib çıxara bilər. Düşünürəm ki. Mərkəzi Bank buna getməz. Yəqin ki, manatın yavaş-yavaş uzulaşdırılması siyasəti həyata keçriləcək. Bütün hallarda mən manatın ucuzlaşacağını düşünürəm. Bunun adını devalvasiya, ya yumşaq devalvasiya qoysaq da, manat ucuzlaşmaqda davam edəcək".
Qafqaz Rafiqoğlu
Qaynar.info