Xəbər lenti

"Məndən dopinq tapsaydılar, elə Pekində tapardılar" - Vitali Rəhimov
İdman15:00 31.08.2016

"Məndən dopinq tapsaydılar, elə Pekində tapardılar" - Vitali Rəhimov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pekin və London Olimpiadasında medal qazanan 8 idmançımızın adı dopinq qalmaqalında hallanır.

Qaynarinfo.Az Pekin-2008-də yunan-Roma güləşi üzrə 60 kq çəki dərəcəsində Azərbaycana gümüş medal qazandırmış Vitali Rəhimovla bu yöndə danışıb.

- Olimpiadada güləşçilərimizin çıxışını izlədinmi?

- Bəli, izlədim.

- Necə təsir bağışladılar?

- Təəssüf ki, zəif çıxış etdilər və hesabımıza qızıl medal yazdıra bilmədilər. Rəsul Çunayevin çıxışı məni məyus etdi. Onun gücünə bələdəm. Psixoloji cəhətdən döyüşə hazır olmadığı üçün uduzdu. Toğrul Əsgərovla Xetaq Qazyumov da qızıl medala yaxın idi. Toğrulun uduzduğu rusiyalı idmançını (Soslan Ramonovu nəzərdə tutur - red.) tanımırdım. Yadınızdadırsa, 2012-ci ildə Toğrul finalda Rusiyanı təmsil edən Besik Kuduxovla güləşəndə, hamı rəqibin bizim idmançıya rahatlıqla qalib gələcəyini deyirdi. Ancaq elə oldu ki, əksinə Toğrul çox asanlıqla qalib gəldi. Hesab edirəm ki, həmin hadisə indi Toğrulun başına gəldi. Hamı bu dəfə dedi ki, Toğrul asanlıqla qalib gələcək, amma əksi oldu. Halbuki Toğrulun fiziki göstəriciləri daha yüksək idi. Xetaqın da uduzması yəqin ki, yaş amili ilə bağlıdır. Yaş özünü göstərir. Mariya Stadnikin də 3 saniyə qalmış uduzması adamı yandırır. Halbuki 3 saniyə dözmək olardı.

- Xarici mətbuatda belə bir xəbər yayıldı ki, bayaq adını çəkdiyin Kuduxov və başqa özbək idmançı Artur Təyməzov dopinqə ilişib. Onların Olimpiadada qazandığı medallar əllərindən alınıb...

- Bu barədə mən də oxumuşam. Təkcə onlardan yox, başqa idmançılardan da dopinq tapılıb. Onlar Pekin və London Olimpiadasında medal qazananlardır. Nə məsələdir, bilmirəm. Saytlardan oxumuşam, bizim idmançılardan da dopinq götürüləcək...

- Həmin o saytda yazıblar ki, Azərbaycan, Qazaxıstan və Ukrayna güləşçilərindən də dopinq tapılıb. Həmin bu idmançılar 2008 və 2012-ci il Olimpiadalarında medal qazanan güləşçilərdir. Onların arasında Pekində gümüş medal qazanmış güləşçi kimi sənin də adın var...

- Bilirəm. Mən, Rövşən Bayramov, Toğrul Əsgərov və s. adları çəkilir. Öz adımdan deyə bilərəm ki, dopinq atmamışam. 2007-ci ildə federasiyaya məşqçilər gələndə dərmanlarımıza kimi Almaniyadan gətirilmişdi. O da dopinq yox, vitaminlər idi. Hardan dopinq tapacaqlar, bilmirəm. Təki, heç nə tapılmasın. İnanmıram ki, hansısa güləşçimizdən dopinq çıxa.

- Səni buna görə yoxlamayıblar?

- Məni yoxlayıblar. Məktub da gəlib.

- Bu nə vaxt olub?

- Çoxdan olub. Təxminən 2 ay əvvəl. Məktub gəlmişdi ki, biz sizi yoxlamalıyıq. Biz də cavab yazdıq ki, yoxlayın. Hələ ki bizə ondan sonra cavab məktubu gəlməyib. Yoxlamalar arxivdə qalan testlərə əsasən aparılır. Mənə elə gəlir ki, bu yoxlamalar bir siyasətdir. Elə başa düşürəm ki, bir neçə ildən sonra dopinq yoxlamaları ruslara görə edilir. Fikir verin, 1 dənə amerikalı və ya alman idmançı yoxdur. Hamısı MDB məkanından olan idmançılardır. Mənim gümüş medal qazanmağımdan 8 il keçib. Qanuna görə, 8 il ərzində yoxlama aparıla bilər. Amma heç vaxt 1 Olimpiada keçdikdən sonra təkrarən yoxlanış olmayıb. Bizdə qandan həm Olimpiadadan əvvəl, həm də dərhal sonra test götürülüb. Dopinq tapsaydılar, elə onda tapardılar. Gülməli görünür. 8 ildən sonra bu məsələni qaldırırlar. Allah eləməsin, tapdılar, Olimpiya 2-ciliyini əlimdən alacaqlar. Bir az gülməlidir. Dopinq testi heç 1 ay çəkmir. 1 ay ərzində sənə cavabı deyirlər. Dopinq tapılmayıbsa, heç bir məktub yazılmır.

- Sənə məktub Beynəlxalq Güləş Assosiasiyasından, yoxsa Beynəlxalq Olimpiya Komitəsindən gəlmişdi?

- Beynəlxalq Olimpiya Komitəsindən.

- Məktubda konkret nə yazılmışdı ki?

- Dedilər ki, sadəcə sizi yoxlamaq istəyirik. Siz özünüz bu prosesdə iştirak etmək istəyirsinizmi soruşmuşdular. Mən də başım çıxmadığı üçün ora getməyə lüzum görmədim. Yazdım ki, mənsiz yoxlayın. O vaxtdan bəri mənə hələ cavab gəlməyib.

- Digər idmançılarımıza da belə bir məktub gəlib? Xəbərin yoxdur?

- Vallah, bununla maraqlanmamışam. Onu bilirəm ki, ağır atletikada idmançılara belə bir məktub gəlmişdi. Olimpiada yenicə qurtarıb. Yəqin ki, səs-sorağı tezliklə çıxacaq.

- Ümumiyyətlə, indi nə işlə məşğulsan?

- Azərbaycan Güləş Federasiyasında hələ ki adım gedir. Vergilər Nazirliyində mənə iş veriblər.

- Federasiyada məşqçi kimi adın gedir?

- İstəyirəm, yığma komandada məşqçi olum. Hələ ki bu yöndə danışıqlar gedir.  

- Nazirlikdə rütbən nədir?

- Kapitan.

Qaynarinfo.Az