
Boks yarışlarında 81 kq çəki dərəcəsində ukraynalı Denis Solonenkonun azərbaycanlı Teymur Məmmədova 0:3 (28:29, 28:29, 28:29) uduzması qarşı tərəfi məyus edib.
Qaynarinfo.Az xəbər verir ki, bu döyüşlə bağlı Ukraynanın Olimpiya millisinin məşqçisi Sergey Qordiyenko yerli Olimpiya Komitəsinin saytına açıqlama verib. O, yetirməsinin döyüşündən razı qaldığını bildirib:
"Mənə görə, Denis döyüşü uduzmadı. Bəli, çatışmazlıqlar oldu. Ancaq o kişi kimi döyüşdü və əlindən gələni etdi. Gizlətmirəm ki, Solonenko olimpiya lisenziyasını oyunların başlamasına bir neçə həftə qalmış aldı. Ona görə də hazırlıq üçün vaxt çox az oldu. Hesab edirəm ki, o, Rioda rinqə tam mübarizə əhval-ruhiyyəsində çıxmışdı və özünün maksimum gücünü göstərdi".
Yeri gəlmişkən, 23 yaşlı boksçunun özü də Olimpiadada bayrağımızı daşıyan şəxsə uduzmasından danışıb: "Mənə elə gəlir ki, rəqib imkan verdiyi qədər döyüşdüm, ona təzyiq etməyə, müdafiəsini sındırmağa çalışdım. Amma Məmmədov da asan rəqib deyildi. O, əllərinin uzun olması kimi üstünlüyündən çox məharətlə istifadə edirdi. Sanki bu əllərlə məni “toxuyurdu”. Qələbə üçün hər şey etdiyimi də deməzdim. Hakimlər belə qərar verib ki, mənim də onları mühakimə etməyə haqqım yoxdur. Bu onların işidir. Mənim işim isə döyüşməkdir”.
Qaynarinfo.Az