
İtaliyanın "Milan" klubunun hücumçusu Mbay Nyanq yol-nəqliyyat hadisəsi zamanı çiynindən və topuğundan zədə alıb.
Qaynar.info xəbər verir ki, bu avtoqəza dünən gecə baş verib.
Seneqal əsilli fransalı futbolçu alkoqol testindən keçib. Lakin test müsbət nəticə verməyib. Nyanqın sabah keçiriləcək İtaliya Kubokunun yarımfinal mərhələsinin "Alessandriya" ilə cavab oyununu buraxacağı dəqiqdir. Onun martın 6-da "Sassuolo" ilə İtaliya çempionatının XXVIII turu çərçivəsindəki görüşdə oynayacağı isə sual altındadır.
Qeyd edək ki, Mbay Nyanq ilk dəfə deyil ki, avtoqəza ilə üzləşir. O, 2 il əvvəl Fransanın "Monpelye" klubunda çıxış edərkən də qəzaya uğramışdı. Onda futbolçu zədə almasa da, sürdüyü "Ferrari" ağaca dəydiyindən ciddi zərər görmüşdü. Nyanq bunun üçün hətta məhkəmə qarşısına çıxarılmışdı. O, məhkəmə hökmünə əsasən 700 avro cərimələnmiş və müəyyən müddətə sürücülük hüququndan məhrum edilmişdi.
Qaynar.info