
Neft bazarı iştirakçıları noyabrın 30-da Vyanada keçirilməsi gözlənilən növbəti OPEC sammitinin nəticələrini gözləyir.
Bu görüşdə hasilatın azaldılması ilə bağlı qərar qəbul olunmasa, neftin 35 dollar/barelə qədər ucuzlaşması proqnozlaşdırılır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə neftin bu qədər ucuzlaşmasını proqnozlaşdırmır. Ekspert Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, neftin qiyməti hasilatın artırılıb-azaldılmasından asılı olacaq:

"Noyabrın 30-da Vyanada keçiriləcək konfransda ola bilər ki,OPEC neftin hasilatının azaldılması ilə bağlı qərar qəbul etsin. Bu baş verərsə, bazar üçün müsbət bir siqnal olacaq. Bunun nəticəsində qiymət artımı baş verə bilər. Qiymət artımı nə qədər davam edəcək bu sual altındadır. OPEC hasilatla bağlı qərar qəbul etsə, bu gələn ilin yanvarından tətbiq olunacaq. Amma qərar özü birjalar üçün pozitiv siqnaldır. Ancaq OPEC və Beynəlxaq Enerji Agentliyinin noyabr ayı üzrə hasilatla bağlı hesabat açıqlanacaq. Hesabatda hasilat çox göstərilsə, neftin qiymətinə təsir edəcək və neft ucuzlaşacaq. Yanvar ayında qiymət artımı baş verəcək. Çünki OPEC-in neft hasilatının azaldılması qərarı birjalara təsir edəcək. Gələn il üçün neftin qiyməti 55 dollar proqnozlaşdırılır. İlin birinci yarısı neftin orta qiyməti 50 dollardırsa, gərək ilin ikinci yarısı 60 dollar olsun ki, neftin illik orta qiyməti 55 dollara bərabər olsun. Brend markalı neftin orta qiyməti ən yaxşı halda 43.5 dollar olacaq. Lakin ötən illə müqayisədə bu 17 faiz ucuzlaşma deməkdir".
Ekspert bildirir ki, əgər neft hasilatı azaldılmasa, neftin qiyməti aşağı düşəcək:"Amma bu o demək deyil ki, neftin qiyməti 35 dollar olacaq. Bu halda 5-10 faiz ucuzlaşma ola bilər. İndiki qiymətlə hesablasaq, neftin ucuzlaşmasının maksimum həddi 42 dollaradək ola bilər. Buna şok effekti deyilir. Ancaq bazarlar heç vaxt şokda yaşamır. Bir müddətdən sonra bazar yenə özünə gəlməyə başlayır. Neftin qiyməti OPEC-in qərarına görə dəyişəcək".