Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Fanat.az xəbər verir ki, ölkə kubokunun sahibi "Neftçi" Sloveniyanın "Koper" klubunu qəbul qəbul edib.
"Bakcell Arena"da baş tutan oyun təmsilçimiz üçün uğursuz alınıb. Hesabı 24-cü dəqiqədə Qoran Qaleşiç açıb. 41-ci dəqiqədə Matey Palciç ikinci qolu vurub. İlk yarının əlavə vaxtında Araz Abdullayev gözəl zərbə ilə fərqi artırsa da, "Neftçi"nin bundan artığına gücü çatmayıb. 85-ci dəqiqədə Ruslan Qurbanov ikinci topu "Koper"in qapısına vurub. Amma hakim ofsayd qeydə alaraq, qolu saymayıb. Bununla da "Neftçi" 1:2 hesablı məğlubiyyətlə barışıb.
"Koper" klubu 1920-ci ildə yaradılıb. 94 yaşlı klub 1 dəfə Sloveniya çempionu, 2 dəfə ölkə kubokunun və 1 dəfə Superkubokunun qalibi olub. 2013/14 mövsümünü 2-ci pillədə başa vuran komandaya Rodolfo Vanoli başçılıq edir. "Koper"in heyətində Bosniya və Hersoqovinadan 3, Xorvatiya və İtaliyadan 1 legioner çıxış edir. "Neftçi"nin rəqibi ötən ay "Qəbələ" ilə yoxlama oyunu keçirmiş və 1:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, bu gün "İnter" də II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. "Tiraspol"u mübarizədən kənarlaşdıran Premyer Liqanın gümüş mükafatçısı İsveçdə "Elfsborq"un qonağı olacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
17 iyul
Neftçi (Azərbaycan) - Koper (Sloveniya) 1:2
Qollar: Araz Abdullayev, 45+1 - Qoran Qaleşiç, 24. Matey Palciç, 41.
Qaynar.info