Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Qaynar.info xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” cavab matçını səfərdə keçirib.
“Ağ-qaralar” Albaniya çempionu “Skenderbeu”nun qonağı olub. Korçe şəhərindəki “Skenderbeu” stadionunda keçirilən matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. İlk qarşılaşmada da eyni hesab qeydə alındığından qalib əlavə vaxtda müəyyənləşib. 90+2-ci dəqiqədə İqor Mitreski qırmızı vərəqə aldığından “Neftçi” 30 dəqiqəni azlıqda keçirməli olub. Matçın yeganə qoluna 116-cı dəqiqədə Nureddin Oreles imza atıb.
Beləliklə, ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atan “Neftçi” bu dəfə heç bir mərhələ belə keçə bilmədi. Həmişə iddialı bəyanatlar verib, arxasında dayanan Böyükağa Hacıyevin yetirmələri bu dəfə baş məşqçinin başını aşağı etdi. Nikolas Kanalessiz “Neftçi”nin iki oyununda rəqib qapısına bir qol belə vura bilmədi.
“Bakıya qayıdan kimi istefa verəcəm”. Bu sözləri isə “Skenderbeu” ilə oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Hacıyev Albaniya klubu ilə oyundan öncə keçirdiyi mətbuat konfransında “Neftçi” mərhələ keçməyəcəyi halda istefa verəcəyini bildirmişdi. Oyundan sonra isə o, sözünə əməl edərək, vətənə döndükdən sonra postunu tərk edəcəyini deyib.
“Neftçi”nin baş məşqçisi hakimlikdən şikayətlənib: “Çempionlar Liqasının oyunlarında belə zəif hakimlik olmamalıdı. Bir epizodda Cavid İmamverdiyevi vurdular, amma hakim heç bir cəza tətbiq etmədi. Albaniya çempionuna da demək istəyirəm ki, siz bizi hakimin sayəsində məğlub etdiniz”.
Çempionlar Liqası II təsnifat mərhələsi Cavab oyunu