
Dünən Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində baş tutan "Neftçi” – "Qarabağ” oyununda (0:2) yaşanmış biabırçı hala rumıniyalı hücumçu Ketelin Tsırenin özü sosial şəbəkə vasitəsilə reaksiya verib.
Qaynarinfo.Az xəbər verir ki, o, azarkeşin "Neftçi" yox, "Qarabağ" fanatı olduğunu və onun komanda yoldaşı Rəhman Hacıyevi vurmaq istədiyini başa düşdüyünü bildirib.
22 yaşlı futbolçu etdiyi hərəkətə görə peşman olduğunu "feysbuk"da açıqlayıb və hamıdan üzr istəyib: "Mən dünənki hadisəyə görə üzr istəyirəm. Mənim düşüncəm yalnız komanda yoldaşımı qorumaq idi! Bilmirdim ki, bizim azarkeşimizdir... Elə bildim ki, "Qarabağ"ın azarkeşidir. Üzr istəyirəm!”.

Qeyd edək ki, 90+2-ci dəqiqədə meydana daxil olan Nurlan Əziz adlı azarkeş polis bölməsinə aparılıb. Lakin o, gecə saatlarında evə buraxılıb. Bu həmin azarkeşdir ki, o, ötən mövsüm də "Neftçi"nin "İnter"lə səfər matçında meydana daxil olaraq Araz Abdullayevi söymüşdü.

Xatırladaq ki, həmin azarkeşin meydana girməsinə və Ketelin Tsırenin birbaşa qırmızı vərəqə almasına görə "Neftçi" İntizam Komitəsi tərəfindən 6400 manat cərimələnib. Futbolçu isə 5 oyunluq cəzalandırılıb. Klub isə legionerini məşqlərdən kənarlaşdırıb. Elxan Abdullayevin baş məşqçi olduğu müddətdə onun bundan sonra ya əvəzedici komandada çıxış edəcəyi, ya da müqaviləsinin pozulacağı gözlənilir.
Yeri gəlmişkən, "Neftçi"nin futbolçusu Rəhman Hacıyev də bu məsələyə belə reaksiya verib: "Xoşagəlməz hadisədir. Mən də bilmirəm, nə baş verdi. Gördüm ki, azarkeş üstümə gəlir. Biz istəməzdik ki, belə olsun. Mən azarkeşin üstünə getsəydim, o mənə əl qaldırsaydı, onu vuracaqdım və xoşagəlməz hadisə yaşanacaqdı. Tsıre də qorxdu, elə bildi ki, onun üzərində yad əşya var, ona görə də belə hərəkət etdi. İstənilən halda, düzgün addım deyildi”.
Qaynarinfo.Az