
İndi sadə Azərbaycan vətəndaşı üçün dollar əlçatmaz olub. "Sonuncu dəfə sözügedən xarici valyuta ilə nə zaman "canlı ünsiyyətdə" olmusuz" deyə, sual etsək, yəqin ki, fikirləşməyiniz üçün bir qədər vaxt lazım olacaq. Əvvəl bu, qeyri-adi bir şey olmasa da, indi dolları olan bəxtəvər sayılır. İkinci devalvasiyadan sonra bu pula olan sevgi nifrətə çevrildi. Çünki banklara dollarla krediti olanlar çətin durumdadı. Hər gün evlərə edilən zənglər, krediti ödəyə bilmədiyi üçün artan intihar hadisələri, dağılanan ailələrin sayı-hesabı isə yoxdu.
Elə ölkəmizin futbolunun zəifləməsi də Azərbaycan manatının dolların yanında xəcalət çəkməsinin nəticəsidi. Devalvasiya digər sahələrdə olduğu kimi, futbol klublarımıza da sarsıdıcı zərbə endirdi. Amma buna baxmayaraq, AFFA millilərimizi ac-susuz qoymur. Neftin pulları sayəsində əsas millimizin hazırda Avstriyada təlim-məşq toplanışında olması da bunun sübutudu. Ürəkaçan nəticə əldə edə bilməsək də, Vaqif Sadıqovun sözü olmasın, Andorra ilə qolsuz bərabərlik gələcəyə "ümidlə" baxmağımıza zəmin yaradır.
Buna baxmayaraq, acınacaqlı durum əksər futbolçuların heç vecinə də deyil. Məsələn, "Neftçi"nin hazırda millinin düşərgəsində olan üzvü Ruslan Qurbanov Andorranı uda bilməməyin, Makedoniyaya 1:3 hesabı ilə məğlub olmağın, "Neftçi"nin mövsümü 6-cı pillədə başa vurub, Avropa Liqasında vəsiqəni güclə qazanmağın xəcalətini çəkmək əvəzinə, qazandığı dollarların şəkilini çəkib, sosial şəbəkədəki şəxsi hesabında paylaşıb. Bunun nə qədər qeyri-etik hərəkət olduğunu hər kəs yaxşı bilir. Mən də, siz də, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də, icraçı direktoru Elnur Məmmədov da, onu milliləşdirən AFFA-nın baş katibi Elxan Məmmədov da...
Görünür, futbolçunun özü ölkədəki vəziyyəti, millinin və klubun əldə etdiyi uğursuz nəticələri qəbul etmək istəmir. Nə vecinə? O, bu millətin nümayəndəsi deyil axı. Azərbaycanlı futbolçu "Devalvasiyadan sonra bu millətə yazığım gəlir" dediyi halda, milliləşdirilmiş futbolçunun harınlığı qəbul edilə bilməz. Fikrimcə, bunun başqa adı da yoxdu. Varsa, siz deyin...
Onu da qeyd edək ki, bu yazı saytımızda yayımlandıqdan sonra futbolçunun "instagram" hesabı silinib.
P.S. "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov ötən günlərdə Sport7.az saytında yayımlanan xəbərə öz "facebook" hesabında etirazını bildirmiş, təxribat yaratmağa cəhd etmişdi. Bu dəfə onun hansı reaksiya verəcəyi də maraqlıdı. Təbii ki, dollarla banka krediti yoxdusa...
Qaynarinfo.az

