
Nigeriyalı menecer, vaxtı ilə Azərbaycanda "Neftçi" və başqa klublarda oynamış, bizim ölkədə ailə qurmuş Erik Obidike redaksiyamızla əlaqə saxlayıb. O, mayın 18-də saytımızda gedən xəbərlə (http://az.qaynarinfo.az/xeber-quotbandotdelquot-aparlanlarn-3-u-futbolculardrquot-t81774.html) bağlı fikirlərini çatdırmaq istəyib.
Qısaca onu bildirək ki, saxta pul kəsilməsində suçlanaraq Baş Mütəşəkkil Cinayətkarlığa dair Mübarizə İdarəsinə aparılan 3 kamerunlu qardaşın sonradan günahının olmadığı sübuta yetirilmiş, lakin onların vizası bitdiyi üçün ölkədən deport olunmuşdular. Həmin yazıda isə həvəskarlar liqasında mübarizə aparan "Sabunçu" komandasının baş məşqçisi Emil Cəfərov Patrik Arnonun ölkəmizə Erik Obidike vasitəsilə gəldiyini, bunun üçün ondan 1000 dollar pul götürüldüyünü bildirmişdi.
Obidike isə bunu təkzib edir. Onun fikirlərini təqdim edirik: "2009-cu ildə "Muğan"da oynayanda "Futbol+" qəzetində yazıldı ki, mən oyun satmışam. Amma onda vicdanım təmiz idi. Mən elə şey etməmişdim. Təəssüf ki, onda bu məsələnin sonuna kimi getmədim. Sonradan mən "Turan", MOİK və "Şuşa"da çıxış etdim. Sizcə, hansı məşqçi oyun satan futbolçunu komandasına götürər ki? Bu dəfə də yenə mənim adıma olmayan şeylər deyilir. Əgər mən Patrikdən 1000 dollar pul götürmüşəmsə, Allah mənə qənim olsun. Mən Patriki Emilin yanında görmüşəm. Onu əvvəldən tanımırdım. O, kamerunlu, mən nigeriyalıyam. Patrikin özündən də soruşmuşam. O deyir ki, mən heç vaxt sənin məndən 1000 dollar götürdüyünü heç kimə deməmişəm, nə də ki belə şey olub. Patrik mənə peşəkar futbolçu olduğunu, Kamerunun aşağı yaş qruplarından ibarət komandalarında oynadığını bildirmişdi. Araşdırdım, gördüm ki, düz deyir. Sabirabadın "Çağırğan" klubunda oynadıqdan sonra gördüm ki, səviyyəli oyunçudur. Ona dedim ki, "transfer pəncərəsi" açılanda ona klub tapmağa kömək edə bilərəm. Ancaq ondan nə 1000 dollar almışam, nə də ona hansısa klubda oynayacağına dair zəmanət vermişəm. O ki qaldı Emil Cəfərova, onu bu sözlərinə görə məhkəməyə vermək istəyirəm. O, mətbuata bu açıqlaması ilə mənim işgüzar nüfuzuma zərbə vurub. Mənim özümün "Muvinq Stars" ("Moving Stars") adlı menecer şirkətim var. Mən hansısa kluba oyunçu verəndə istəmirəm ki, kimsə mənə dələduz gözü ilə baxsın. Həmişə dələduz insanlardan qaçmışam. Mənim 2 övladım var. İstəmirəm ki, uşaqlarım da gələcəkdə bu yazıları oxuyub ataları haqda pis fikrə düşsün".
Məsələ ilə bağlı Emil Cəfərovla yenidən əlaqə saxladıq. O bunları bildirdi: "Erik qəzetə və mənim özümə də məhkəmə ilə bağlı hədə-qorxu gəlib. Lakin mənim Allahdan başqa heç kimdən qorxum yoxdur. Patrik dediklərini təkzib edibsə, bu onun öz işidir. Mən Patrikin apreldə "Müsavat"da gedən müsahibəsi zamanı bu sözləri onun dilindən eşitmişdim. "Müsavat"ın 2 əməkdaşı da orda idi. Onlar sözlərimi təsdiqləyə bilər".
Qaynarinfo.az