
Məlum olduğu kimi, Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında ağırlıq qaldırmada çempion olub.
Milli komandamızın sabiq baş məşqçisi Vahid Nəzərov Qaynarinfo.Az-a bu haqda danışıb:
"Bu uşağın çempion olması məni çox sevindirdi. 6 il əvvəl Sinqapurda keçirilən yeniyetmələrin I Olimpiya Oyunlarında da Nicat çempion olmuşdu. Onun məşqçisi onda mən idim. Mən də daxil olmaqla, Nicat və onun atası Əli mətbuata dəfələrlə müsahibə verirdik ki, Azərbaycan Ağırlıq Qaldırma Federasiyasında işlər düzgün getmir. Əvvəl Yanko Rusevi baş məşqçi gətirib məni çıxartdılar. Ondan sonra başqa bolqarı - Zlatan Vanevi baş məşqçi təyin etdilər. Onların vaxtında idmançılar içki içir, nəşə çəkirdi. Hər yerdə deyirdim ki, bu idmançılar dopinqdə ilişəcəklər, belə etməyin. Axırda da belə oldu. Hamısı dopinqə görə ilişdi və Olimpiadaya buraxılmadı. Ancaq nəşə çəkən, qumar oynayan, siqaret çəkən həmin idmançıların adlarını indi çəkə bilmərəm.
Onu deyə bilərəm ki, artıq Valentin Xristov ötən Olimpiadada qazandığı bürünc medal təqdim olunmaq üçün Braziliyaya aparılıb. İlinə 110 min avro verilən Kristina Yovova axırda Azərbaycanı atıb Rumıniyaya qaçdı və Norveçdə Avropa çempionu oldu. Federasiyanın icraçı direktoru İsgəndər Əsgərov isə prezident Cahangir Əsgərovun əmisi oğludur. Özü həndbolçu olub, ancaq o vaxtı Nicatın atası Əlini çörək satmaqda suçlandırırdı. Faktiki göründü ki, onların bəyənmədiyi Əli Rəhimov oğlunu vaxtında Azərbaycandan götürüb Qazaxıstana qaçdı. Onlar federasiyada baş verənləri görürdülər. Hörmətli hüquqşünasımız Aslan İsmayılov bu məsələlərlə bağlı maraqlı bir status yazıb. Oxumağınız məsləhətlidir. O da öz yerli idmançımızın qədrini bilməməkdən, legionerlərə pul xərcləməyimizdən yazıb. Mənim vaxtımda millidə legioner yox idi".
Qaynarinfo.Az