
Xəbər verdiyimiz kimi, mayda Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət milli komandalar (U-17) arasında Avropa çempionatına hazırlaşan yığmamız dünən ölkəmizə gəlmiş Rusiyadan olan həmkarları ilə görüşüb.
Qaynar.info xəbər verir ki, ruslar Bakı Olimpiya Stadionunda keçirilən görüşdə millimizi darmadağın edib - 5:1.
Lakin rəqib baş məşqçi Sergey Matveyev verdiyi açıqlamasında oyunun bərabər səviyyədə keçdiyini bildirib: "Ümumilikdə, bu matçda komandanın oyunundan razı qaldım. Böyük hesablı nəticə sevindirir, bu pozitiv, müsbət emosiyalardır. Bir gün sonra biz Azərbaycan yığması ilə yenidən oynayacağıq və bu dəfə onlar keyfiyyətli futbol göstərməyə çalışacaqlar. Rəqib yəqin ki, bu yenilgiyə bəraət üçün revanş almaq istəyəcək. Üstəlik, ilk matçın yekun hesabı meydan sahiblərinə qarşı bir qədər sərt alındı. Matç gərgin keçdi və hesab 2:1 olanda rəqib oyunçu səhv etməsəydi, qarşılaşmanın gedişatı başqa cür də ola bilərdi. Aşkar şəkildə darmadağın olmadı, oyun kifayət qədər bərabər səviyyədə keçdi.
İkinci matçda heyətdə çox rotasiya olmayacaq. Azərbaycan yığması ilə görüşlərdə biz Avropa çempionatının elit mərhələsinin ilk 2 oyununun modelini qururuq. Ayrıca bizim oynadığımız qazonun yüksək keyfiyyətini qeyd etmək istərdim, ideal idi. U-17 Avro-2016-nın finalının keçiriləcəyi arenanın özü də məndə yaxşı təəsürat formalaşdırdı. Əlavə etməyə dəyər ki, Azərbaycan da bizimlə matçlara qitə çempionatının final mərhələsinə test oyunları kimi yanaşır. Əlbəttə, bura mayda yenidən qayıtmağı istərdim".
Qeyd edək ki, bu oyunda baş hakim FİFA referisi Rəhim Həsənov olub. O, 2 penalti təyin edib. Ruslardan qolları Məhəmməd Süleymanov (28-penalti), Aleksandr Rudenko (36), Vyaçeslav Qrulev (67), İvan İqnatyev (80) və Stanislav Latseviç (80+2) vurub. Millimizin yeganə qoluna isə Fərid Nəbiyev 51-ci dəqiqədə penaltidən imza atıb. Həmin oyunun videosunu təqdim edirik.
Qaynar.info