Xəbər lenti

"Oyunda 1 "qırmızı" olmalıydı, o da hakimin özünə..." - Tahir Süleymanov
İdman10:18 18.03.2016

"Oyunda 1 "qırmızı" olmalıydı, o da hakimin özünə..." - Tahir Süleymanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Avropa Liqasının 1/8 final mərhələsinin Portuqaliyada keçirilən "Braqa" - "Fənərbaxça" oyununda xorvatiyalı referi İvan Bebekin türk klubunun əleyhinə çıxardığı qərarlar çox müzakirə olunur.

Qaynar.info xəbər verir ki, Bebek 12 sarı, 3 qırmızı vərəqə göstərib. Bu sarı vərəqələrdən 10-u və "qırmızı"ların hamısı "Fənərbaxça"nın əleyhinə olub. Üstəlik, Mehmet Topalın etdiyi hərəkət penalti kimi qiymətləndirilib ki, bu da mübahisə mövzusudur.

Bu mövzu ilə bağlı sabiq FİFA referisi Tahir Süleymanova müraciət etdik. O da hakimliyin biabırçı durumda olduğunu təsdiqlədi: "Hər zaman deyirəm. Hakimlik futbolda çox önəmli faktordur. Sərf etməyənlər razılaşmaq istəmir. "Braqa" - "Fənərbaxça" oyunu bunu bir daha sübuta yetirdi. Baş hakim oyunu çox aşağı səviyyədə idarə etdi. 2-ci hissədə 11 metrlik zərbə, qırmızı vərəqəyə qədər 2-3 epizodda "Fənər"in futbolçularına açıq-aşkar kobudluğa görə rəqib oyunçulara "sarı" göstərilmədi. 11 metrlik və qırmızı vərəqə isə hakimlik adına xəyanətdir, biabırçılıqdır".

Daha sonra o, Mehmet Topalın penaltiyə və özünün 2-ci sarı vərəqə almasına səbəb olan epizoda toxunub: "1. Zərbə anında rəqiblə, üstəlik, topla "Fənər"li arasında oyun məsafəsi yox idi. 2. Zərbə çox sürətli alındığından və məsafə olmadığından, "Fənər"li topun trayektoriyasını görmədiyindən, qarşısını əli ilə bilərəkdən ala bilməzdi. 3. "Fənər"in futbolçusu topun sürətindən yayınmaq və özünü qorumaq məqsədilə əllərini sinəsinə tərəf yığaraq təbii futbol hərəkətilə topdan yayınmaq istəyirdi. 4. Top "Fənər"linin bədənə bitişik olan (açıq əl deyildi) əlinə çarpıb qapı xəttindən çıxdı. 5. Qərar künc zərbəsi olmalıydı... Hətta topun qapı istiqamətinə getdiyinə görə səhv olaraq 11 metrlik verilibsə, sarı və ya qırmızı vərəqə göstərmək absurddur. Çünki futbolçu bilərəkdən əli ilə oynamamışdı....

Oyunun ipi əldən çıxdığına görə, futbolçular özlərini cilovlaya bilmədiyinə görə sonrakı qırmızı vərəqələr doğru qərar idi. Amma oyunda 1 "qırmızı" olmalıydı, o da hakimin özünə göstərilməli idi..."

Qaynar.info