Xəbər lenti

"Oyunlardan əvvəl stadionda toy keçirmək olmaz" - İngilis mütəxəssisdən xəbərdarlıq
İdman09:20 15.03.2016

"Oyunlardan əvvəl stadionda toy keçirmək olmaz" - İngilis mütəxəssisdən xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bildiyiniz kimi, Bakı Olimpiya stadionunda toyların və digər korporativ tədbirlərin keçirilməsinə icazə verilib. Hətta deyilənlərə inansaq, təxminən 68 min tutuma malik olan stadionda ilk toy 4 gün sonra gerçəkləşəcək.

Lakin məsələ burasındadır ki, toyların keçirilməsi zamanı ideal ot örtüyünə malik stadionun qazonu ciddi zərər görə bilər. Məlum olduğu kimi, Azərbaycanda toya xaricdə olduğu kimi, 20-30 nəfər yox, 100-150 nəfər təşrif buyurur. Bura bəyin və gəlinin qohumları daxildir. Və xaricdən fərqli, bizdə insanın sümüyünü oynadan mahnılar çoxluq təşkil edir. Belədə toy əhlinin qazon üzərində "şıdırğı" mahnılara biganə qalacağı heç kimdə şübhə doğurmur. Necə deyərlər, toyda oynayarlar da...

Ancaq mütəxəssislər təsdiqləyir ki, klassik kişi və qadın ayaqqabıları ot örtüyü üzərində çox gəzildikdə, zərər görür. Bu üzdən stadion üzrə ekspertlər qazon üzərinə yalnız buts və ya idman ayaqqabıları ilə çıxmağı məsləhət bilir. Bir sözlə, dikdabanlar incə qazonun düşmənidir.

Bəs 100 nəfər toy musiqisi sədası altında yeyin rəqs edəcəyi halda, Bakı Olimpiya Stadionunun qazonu ciddi zərər görməyəcəkmi? Bax, bu suala Qaynar.info "Qəbələ" klubunun stadionlarında meydançalara cavabdeh olan ingilis mütəxəssis Fil Şarples vasitəsilə aydınlıq gətirməyə çalışıb. Axı, "Qəbələ" meydançalarının ideal vəziyyətdə olmasına görə ona borcludur..

Şarplesin sözlərinə görə, toy vaxtı stadionda qoruyucu örtükdən yararlanmaq olar. Yaxşısı budur, onu dinləyək və nəticə çıxaraq: "Əgər stadionun ot örtüyünə pul verilibsə, onların haqqı çatır ki, bundan toy və digər bu kimi tədbirlər keçirməklə pul qazansınlar. Qazonu zədələməmək üçün meydançanın üzərinə qoruyucu örtük sala bilərsən. Bu, çox kömək olacaq və hamı bundan xeyir götürəcək. Həmçinin onu qeyd etməliyəm ki, stadion pul qazanırsa, bunun bir qismini qazonun zərər görmüş hissələrinin təmiri üçün xərcləmək lazımdır. Burda zamanlamaya da diqqət ayrılmalıdır. Belə ki, vacib oyunlardan əvvəl toy keçirmək olmaz. Çünki vacib oyundan əvvəl qazon yaxşı durumda olmalı və heç bir hissəsində qüsur baş verməməlidir. Ancaq düşünmürəm ki, Olimpiya Stadionunda çox matçlar keçirilsin. Ona görə də pul qazanmaq üçün meydançadan təyinatına uyğun olmayan istifadə başadüşüləndir".

Qaynar.info