
"Neftçi"yə 3 yeni futbolçu gələcəyini hələ sentyabrın 28-də xəbər vermişdik.
Qaynarinfo.Az artıq həmin futbolçulardan birinin kimliyini müəyyənləşdirə bilib.
Bu, latviyalı Aleksandr Fertovdur. 29 yaşlı futbolçu ölkəsində "Olimp", "Skonto", Ukraynada "Sevastopol" klublarında çıxış edib. Fertov ötən mövsüm isə Polşanın "Korona" klubunda oynayıb. Hazırda sərbəst futbolçu olan Fertov 2009-cu ildən çağırıldığı Latviya millisində 35 oyuna çıxıb. Ancaq onun millidə çıxış etməsindən təxminən 1 il ötür. Belə ki, Aleksandr sonuncu dəfə ötən ilin oktyabrın 13-də Qazaxıstan millisi ilə görüşə yığmadan dəvət alıb.
Aleksandr Fertov Latviyada "Pişik" ləqəbi ilə tanınır. Fertov "Skonto" ilə 2010-cu ildə Latviya çempionu olub, 2 il sonra isə bu komanda ilə ölkə kubokunu qazanıb. Yarımmüdafiəçi olan futbolçu sağ cinah və mərkəzdə oynaya bilir. Lakin onun əsas ampluası dayaq yarımmüdafiəsidir. O, "Neftçi"yə baxışa gələcək.
Qeyd edək ki, "Neftçi"yə daha 2 futbolçunun gələcəyi gözlənilir. Bunlardan biri braziliyalı olacaq. Lakin həmin futbolçunun istəyi baxış yox, birbaşa müqavilədir. Əldə etdiyimiz məlumata görə, digər futbolçu qapıçı olacaq. Hələ ki hər 2 futbolçunun kimliyini müəyyənləşdirmək yönündə axtarışlarımız davam edir.
Qaynarinfo.Az