Dünən keçirilən Avroliqanın pley-off mərhələsinin cavab görüşü olan "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" matçından sonra meydan sahiblərinin azarkeşləri 2:2 hesablı nəticə ilə barışa bilməyiblər. Belə ki, onlar meydana axışaraq asayiş keşikçilərinə əməlli-başlı problem yaradıb. Bu barədə Qaynar.info-ya komanda ilə birgə Afinada olan "Qəbələ" klubunun marketinq meneceri Səməd Nəsibov məlumat verib.
O, oyundan sonra baş verənlər haqqında bunları deyib: "Oyundan sonra "Qeyt13" ("Gate13") fanklubunun azarkeşlərindən bəziləri meydançaya axışdı. Onlar bizim futbolçulara heç nə etmədilər. Əksinə, gözəl oyuna görə bizi alqışlayırdılar. Onların narazılığı öz komandalarından idi. Olduqları tribunadan öz baş məşqçilərini istefaya getməyi çağırırdılar. Polis də bizi stadiondan çıxmağa qoymurdu. Yalnız onlar tribunaları tərk etdikdən sonra bizə stadiondan getməyə icazə verildi".
Qeyd edək ki, bu nəticə ilə "Qəbələ" tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. Bundan öncə isə "Qarabağ" İsveçrənin "Yanq Boyz" klubunu 3:0 məğlub etməklə qrupa vəsiqəni təmin edib.
Qaynar.info