
İyun ayının 11-də Türkiyəyə yollanan “Kəpəz” dünəndən təlim-məşq toplanışına başlayıb.
Qaynarinfo.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək komanda Ərzurumda hazırlıq keçir.
“Sarı-göylər” səhər və axşam olmaqla gündə 2 dəfə məşq edir. Toplanışın əsas hissəsi fiziki hazırlığın yüksəldilməsinə yönəlib. Ayın 21-nə kimi Ərzurumda qalacaq Gəncə klubu bu müddətdə 2 yoxlama oyunu da keçirəcək.
Artıq “Kəpəz”in düşərgəsinə 2 yeni futbolçu qoşulub. Onların hər 2-si legionerdir.
Tam adı Serjiu Manuel Koşta Karneyru olan və qısaca olaraq Serjinyo kimi çağırılan portuqaliyalı futbolçu klubun rəsmi saytına görə ampluaca mərkəz yarımmüdafiəçisidir. Ancaq digər mənbələrdə Serjinyonun ampluası hücumçu və ya sağ cinah yarımmüdafiəçisi kimi göstərilir. Serjinyo 2005-2008-ci illərdə məşhur "Portu" klubunun yetirməsi olub. Onun son klubu ölkəsinin “Trofense” komandası olub. Əvvəllər Portuqaliyanın “Beyra-Mar” və “Aroka” klublarında da çıxış etmiş 25 yaşlı orta xətt oyunçusu Portuqaliyanın 20 yaşlılardan ibarət yığma komandasının da şərəfini qoruyub.
Adı Renan da Silva Alves olan digər futbolçu braziliyalıdır. 1 il öncə Portuqaliyaya gələn 23 yaşlı Alves mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Onun Pireney ölkəsində klubu “Jil Visente” olub.
Qaynarinfo.az

