Xəbər lenti

"Prezident postuna ondan başqa namizəd yoxdur" - PFL rəsmisi
İdman11:25 04.07.2016

"Prezident postuna ondan başqa namizəd yoxdur" - PFL rəsmisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçki keçiriləcək. 

Qaynarinfo.az xəbər verir ki, seçki saat 11:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq. Seçkidə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edəcəklər.

Bəs görək, bu posta qurumun yarandığı 2008-ci ildən bəri alternativsiz prezident olan Ramin Musayevdən başqa namizəd varmı? Xatırlayırsınızsa, AFFA prezidentliyinə seçkilərin olacağı və namizədlərin qeydiyyata alınması prosesi bir neçə gün öncədən elan olunurdu. Lakin PFL prezidenti vəzifəsinə seçkilərin olacağı cəmi 1 gün əvvəl bilinir. Belədə hansısa şəxsin öz namizədliyini verməsi üçün vaxtı qalmır. Təbii ki, Azərbaycanda futbol sahəsində prezidentlərin seçilmədiyi, 1 nəfərdən başqa namizədin olmadığı hamıya məlumdur (əslində bu başqa söhbətin mövzusudur da - red.). Lakin prosedur baxımından, rəsmiyyət biz qeyd etdiklərimizi tələb edir... 

Bu suallara PFL-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev vasitəsilə cavab tapmağa çalışdıq. Onun cavabı isə bizi heç də təəccübləndirmədi:

"Biz klublara belə bir seçkinin olacağını klublara məktub vasitəsilə çatdırmışıq. Ona görə PFL-in saytında əlavə elana ehtiyac görmədik. Əgər bu posta hər hansısa namizəd olsaydı, indiyədək bizə müraciət edərdi. Hazırda Ramin Musayevdən başqa namizəd yoxdur. Günün sonunadək də dəyişikliyin olacağı gözlənilmir".

Qeyd edək ki, 2008-ci ildə və 2012-ci ildə Ramin Musayev yekdil səslə PFL prezidenti seçilib.

Qaynarinfo.az