
AFFA-nın baş katibi Elxan Məmmədov azərbaycanlı jurnalistlərə müsahibə verib.
Baş katib Qaynar.info-nun əməkdaşının da sualını cavabsız qoymayıb. Baş katib əvvəlcə qolsuz başa çatan Azərbaycan - Xorvatiya oyunu haqda fikirlərini bildirib.
- Yaxşı oynadıq. 1 xalımızı qazandıq. Unutmayın ki, biz son dünya çempionatında çıxış edən komandalardan biri ilə oynadıq. Xorvatiya bu oyunadək qrupda lider idi. Ona görə də onlardan 1 xal almaq böyük uğurdur. 2-ci hissədə komandamız irəliyə atılanda inanıram ki, azarkeşlərimizdə belə bir hiss formalaşdı ki, niyə də qələbə qazanmayaq?! Amma qazanılan 1 xal da bizi sevindirdi.
- Tam səmimi desəniz, bu heç-heçəni gözləyirdiniz?
- Oyundan qabaq keçirilən məşqlər zamanı komanda ilə birlikdə idim və görürdüm ki, komanda çox ciddi hazırlaşır və bu oyuna tamamilə köklənib. Robert Prosineçki də bu oyuna çox ciddi yanaşırdı. Ona görə də son 2 gündə məndə inam yaranmışdı ki, komandamız uduzmayacaq.
- Bəlkə komandanın uduzmamasının arxasında futbolçulara vəd olunan pul mükafatları dururdu?
- Bildiyiniz kimi, futbolçulara maaşları klubları verir. Yığmada oynamaq isə sadəcə futbolçular üçün bir şərəfdir. Ancaq tsiklin əvvəlində futbolçulara bildirilmişdi ki, hər bir komanda ilə oyundakı nəticəyə uyğun pul mükafatları veriləcək. Hələ ki bu oyuna görə mükafatı AFFA prezidenti Rövnəq Abdullayev açıqlamayıb.
- Son 3 oyundakı yaxşı nəticələrdən sonra təəssüf hissi keçirirmisinizmi ki, kaş ki minimum mövsümün əvvəlində komandanın başında Prosineçki durardı?
- Təbii ki, təəssüflənirik. Ancaq bunu əvvəldən bilmək çətindir, bu bir qismətdir. Cari tsikldə 3 oyuna Berti Foqts, 1 oyuna isə Mahmud Qurbanov komandanı çıxartdı. Ancaq inanıram ki, növbəti tsikldən Prosineçki ilə başlayacağıq və komanda hər oyunda bizi sevindirəcək.
- Qeyd olunduğu kimi, 3 oyundur ki, uduzmuruq. Sabiq baş məşqçi Berti Foqts sizi buna görə təbrik edirmi?
- Hər oyundan sonra Foqts mənə təbrik məktubu göndərir. Məsələn, dünən Vaşinqtondan SMS yazıb (telefonunda göstərir - S.T.). Yazıb ki, salam Elxan, sizə növbəti 2 oyunda uğurlar arzulayıram. Görünür ki, komandanı unutmayıb, o da həyəcan hissləri keçirir. Norveçlə oyundan sonra da bizi təbrik etmişdi. Biz də hörmətlə buna yanaşmalıyıq. Necə də olsa, əvvəl millimizin baş məşqçisi olub. Çünki onun da müsbət tərəfləri vardı.
- Klublara təyin olunan idman direktorlarının göndərilməsi ilə bağlı söz-söhbətlər var idi...
- Bildiyiniz kimi, bu, İcraiyyə Komitəsinin qərarı idi. Yəni biz komandalara kömək etməli idik. Biz 1 il ərzində bu layihəni davam etdirdik. Artıq həmin müddət sona çatıb. Ancaq 2 məşqçinin müqaviləsi növbəti ilin aprelinədək davam edəcək. “Qarabağ”a və “Sumqayıt”a təyin olunan idman direktorları hələ ki, burdadırlar. Digərləri gedib və bunların da müqaviləsi başa çatan kimi gedəcəklər. Müqavilənin müddətini uzatmayacağıq. Bu xarici məşqçilər gəldilər, bizim yerli məşqçilərə məşqlər keçdilər. İndi düşünürük ki, yerlilər də bu işi davam etdirməlidirlər. İnanırıq ki, onlar bunun öhdəsindən gəlib, onların yerini tuta bilərlər.
- Gedən idman direktorları yəqin ki, sizə hesabat verdilər. Razı qaldınız?
- Razı qaldıq. Çünki ən əsası həmin idman direktorları klublarda olan uşaq komandalarının məşq prosesini nizama saldılar. Yəni ümumi olaraq, əvvəlki illərlə müqayisədə, dəyişikliklər oldu. Məsələn, əvvəllər uşaqlar məşqlərə gecikirdilər. Amma indi vəziyyət dəyişib. Ümid edirəm ki, klublar bundan fayda gördülər. Onların işini işlədikləri klubların nümayəndələri ilə də müzakirə etdik. Məsələn, bu yaxınlarda Qurban Qurbanovla bu barədə danışdıq. O da müsbət rəy bildirdi. Öyrənmək həmişə yaxşıdır. Hollandiyadan gələn bir mütəxəssis çox şey öyrədə bilər. Amma bu o demək deyil ki, bütün hollandiyalı mütəxəssislər yüksək səviyyədədir. Biz də yaxşıları gətirməyə çalışdıq. Amma təbii ki, səhv də edə bilərik, yanlış mütəxəssis də seçə bilərik. Ancaq inanıram ki, bu, səmərəli əməkdaşlıq oldu.
- Bildiyimizə görə, həmin mütəxəssislərə 15 min manat maaş ayrılıb. Olmazdı ki, həmin pulla yerli məşqçilər xarici klublara təcrübəyə göndəriləydi?
- 15 min yalandır. 8 min olub və bəzilərində 5 min idi. PRO lisenziyalı məşqçilər onsuz da xarici klublara təcrübə keçməyə gedirlər. Yerli məşqçilərə hər zaman dəstək olmuşuq. Hansı məşqçi AFFA-ya gəlib xahiş edibsə ki, məni filan yerə göndərin, biz "yox" deməmişik. Fərqi yoxdur ki, o, AFFA işçisidir, ya yox. Bilirsiniz, bu elə AFFA-nın işidir. Futbola digər qurumlarla birgə dəstək olmalıyıq. Bu gün Azərbaycan futbolu göstərdi ki, inkişaf gedir. 5 il öncə biz arzulayırdıq ki, 2 klubumuz Avropa Liqasında oynasın. Bu gün isə 2 klub qrup mərhələsində çıxış edəcək. Bu, böyük nailiyyətdir. İndi səbirsizliklə həmin oyunların başlanmasını gözləyirik. Oyundan öncə Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerlə rəsmi yeməkdə olduq. O bildirdi ki, həqiqətən Azərbaycan futbolu inkişafdadır. 2 komandanın qrup mərhələsinə düşməsi yaxşı nailiyyətdir. Bir komandamız ilk təsnifat mərhələsindən başlayıb qrupa düşdü, digəri isə Çempionlar Liqasından gəldi.
Qaynar.info