Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
Turun açılış oyununda "Qarabağ" Gəncənin "Kəpəz" klubunu qəbul edib.
"Azərsun Arena"da keçirilən oyuna daha aktiv başlayan meydan sahibləri 17-ci dəqiqədə istəyinə nail olub. "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldonun topa toxunuşundan sonra top "Kəpəz"in futbolçusu Tural Axundova dəyərək qapıya gedib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk hissənin başa çatmasına 3 dəqiqə qalmış azarkeşləri bir daha sevindirib. Dani Kintananın 42-ci dəqiqədə vurduğu zərbə yenidən T.Axundova dəyərək tora qovuşub. İlk hissə "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci hissəyə də meydan sahibləri daha aktiv başlayıb. Nəticədə Mahir Mədətov matçın 62-ci dəqiqəsində hesab arasındakı fərqi artırıb - 3:0. Oyunun bitməsinə saniyələr qalmış son nöqtəni isə "Qarabağ"ın heyətində Samuel Armenteros qoyub. Bundan sonra qapılara qol vurulmayıb və "Qarabağ" 4:0 hesabı ilə qalib gəlib.
Beləliklə, "Qarabağ" XXIX turdan sonra 66 xalla turnir cədvəlinin vahid lideridir. Aktivində 45 xal olan "Kəpəz" isə dördüncüdür.
Qeyd edək ki, turun digər oyunları 9 və 10 apreldə keçiriləcək. (report.az)
Qaynar.info