
Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.
Qaynarinfo.Az xəbər verir ki, buna Avropa Liqasının qrup mərhələsinin III turunun qarşılaşmaları səbəb olub.
Baş tutan 24 görüş cədvəldə bir sıra dəyişikliklərə səbəb olub. “Qarabağ”ın evdə Yunanıstan PAOK-u üzərindəki qələbəsi Azərbaycanın da irəliləməsinə imkan verib. Ağdam klubunun 2:0 hesablı qələbəsi ölkəmizin aktivinə 0,500 xal gətirib. “Qəbələ”nin səfərdə “Sent-Etyen”ə 0:1 hesabı ilə yenilməsi isə xal qazancı ilə nəticələnməyib.
Bununla, cari mövsüm toplanan xalımız 3,750-yə çatıb. Bunun ən böyük hissəsi “Qarabağ”ın payına düşür - 1,625. “Qəbələ” isə hesabımıza 1,375 xal qazandırıb. Artıq mübarizəni dayandıran “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.
5 mövsümün nəticələrinə görə hesabını 17,250-yə yüksəldən Azərbaycan 26-cı yeri tərk edib. Ölkəmiz bunadək 0,300 xal geri qaldığı Kipri artıq 0,200 xal üstələyir. Yunanları yenib, kiprliləri qabaqlayan Azərbaycan indi 24-cü olan İsraildən 0,625 xal geri qalır.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 91,713. Almaniya (71,069) 2-ci, İngiltərə (67,248) 3-cü pillədə yer alıb.
Avrokubokların qrup mərhələsinin III turunun oyunlarından sonra klubların da UEFA reytinqinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, "Qarabağ" 15,9800 xalla 110-cu yerdə qərarlaşıb. Təmsilçimiz 5 pillə irəliləyib.
9,700 xala malik “Neftçi” isə geriyə doğru 3 addım atıb. Bakılılar 159-cu pillədədir. Hesabında 7,700 xal olan “Qəbələ” 179-cu yerdən 181-ciyə enib.
220-ci yerdə qərarlaşan “İnter”in 5,950 xalı var. Lixtenşteyn “Vaduts”u ilə eyni - 4,450 xala malik “Xəzər Lənkəran” 280-ci yerə şərikdir. Digər komandalarımızdan “Kəpəz” (3,950) 301-ci, “Bakı” (3,700) 309-cudur.
İspaniya “Real”ının (150,342) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 139,213 xalla 2-ci, “Barselona” (İspaniya) 136,342 xalla 3-cü pillədə qərarlaşıb. Onu da bildirək ki, ümumilikdə klubların siyahısında 453 komanda yer alıb.
Qaynarinfo.Az