
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Qaynarinfo.Az xəbər verir ki, Premyer Liqa klubları daha çox azarkeşlərinə görə cəzalandırılıblar.
Düzdür, "Zirə" ilə matçın 90+1-ci dəqiqəsində meydançaya kənar əşyalar atan azarkeşlər yox, "İnter" klubunun üzvləri olub. Texniki zonadan bu əşyalar atıldığı üçün "bankirlər" 1600 manatı AFFA-nın xəzinəsinə ödəməli olacaq.
"Neftçi" ilə prinsipial matçda "Kəpəz"in azarkeşləri əsəblərini saxlaya bilməyib. Belə ki, "Əlincə Arena"da gəncəli fanatlar 57 və 78-ci dəqiqədə meydançaya kənar əşyalar atıblar. Buna görə də "Kəpəz" də 1600 manat cərimələnib.
"Qarabağ" üzərində 2:0 hesablı qələbə isə çempionatın lideri "Qəbələ"yə baha başa gəlib. Qəbələli azarkeşlər meydançaya kənar əşyalar atdığına görə klublarını 1600 manat xərcə salıb. Lakin bu azarkeşlər qələbə sevinclərini də intizam qaydalarına uyğun olmayan şəkildə qeyd edib. Onların oyun başa çatdıqdan sonra pirotexniki vasitələrdən (fişəng) istifadə etməsi "Qəbələ"ni daha 800 manat ödəməyə məcbur buraxıb.
Qaynarinfo.Az