
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Qaynar.info xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə 32 cütlük müəyyənləşib.
Tədbirdə "Qarabağ"la "Neftçi"nin də rəqiblərinin adına aydınlıq gəlib. "Qarabağ" Hollandiyanın "Tvente", "Neftçi" Serbiyanın "Partizan" klublarına rəqib olub.
"Tvente" 2009/10 mövsümündə Avropa Liqasının play-off mərhələsində "Qarabağ"a rəqib olmuşdu. Avqustun 20-də Enşededə baş tutan ilk oyunda hollandlar 3:1 hesablı qələbə qazanmış, bir həftə sonra Bakıda keçirilən cavab görüşündə hesab açılmamışdı - 0:0. "Qarabağ"ın yeganə qoluna Vüqar Nadirov imza atmışdı. "Tvente"nin heyətində isə hazırda "Fulhem"də çıxış edən Bryan Ruiz dubl etmiş, indi Moskva "Dinamo"sunun uğurları üçün çalışan Duqlas bir qol vurmuşdu. Bu oyunlardan sonra Hollandiya klubu "Qarabağ"dan Vaqif Cavadovu transfer etmişdi.
"Neftçi" isə Avropa Liqasının 2012/13 mövsümündə "Partizan"la eyni qrupda yer alıb. 2012-ci ilin 21 sentyabrında Belqradda baş tutan ilk oyun 0:0 hesabı ilə başa çatıb. Noyabrın 22-də Bakıda keçirilən oyunda isə 1:1 hesabı qeydə alınıb. Matçın 10-cu dəqiqəsində Flavinyo hesabı açıb. Serblər buna 67-ci dəqiqədə hazırda "Anderlext"də çıxış edən Aleksandar Mitroviçin qolu ilə cavab verib. Futbolçu qoldan 9 dəqiqə sonra qırmızı vərəqə almışdı.
Avropa Liqası
Pley-off mərhələsi
21-28 avqust
Qarabağ (Azərbaycan) - Tvente (Hollandiya)
Neftçi (Azərbaycan) - Partizan (Serbiya)
Qaynar.info