
Futbol üzrə Portuqaliya çempionatında XXVI turun oyunlarına yekun vurulub.
Qaynar.info xəbər verir ki, çempionluğa namizədlərdən olan "Portu" öz meydanında "Unian Madeyra" komandası ilə qarşılaşıb və rəqibini yenməkdə çətinliklə üzləşib - 3:2.
Belə ki, "Unian Madeyra" Portu səfərindən 1 xalla qayıtmağa yaxın imiş. Maraqlısı bundadır ki, bu klubda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Danilo Diaş 55-ci dəqiqədə meydana daxil olduqdan sonra dubl edib. O, 62 və 67-ci dəqiqələrdə İspaniya millisinin üzvü İker Kasilyasın qoruduğu qapıya yol tapıb. Lakin onun komandası son dəqiqələrdə buraxılan qolla məğlub olub.
Qeyd edək ki, braziliyalı hücumçu ötən mövsüm "Qarabağ"da çıxış edib. Danilo Diaş "Qarabağ"a məhz Portuqaliyadan - "Maritimu" klubundan gəlmişdi. O, Azərbaycanda oynadığı müddətdə çempionat, ölkə kuboku və avrokuboklar da daxil olmaqla keçirdiyi 16 matçda cəmi 2 qol vura bilmişdi. Məhz bu səbəbdən Qurban Qurbanov onu komandadan göndərmişdi. Lakin indi Danilo Portuqaliyada qollarının sayını 7-yə çatdırıb.
Qaynar.info