
Bu gün Çempionlar Liqasının və Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab oyunları keçiriləcək. "Qarabağ" Lüksemburqda "F91 Düdelanj" klubunun qonağı olacaq. Bakıda "Kəpəz" isə Avstriyanın "Admira Vakker" klubu ilə cavab görüşünə çıxacaq. Hər 2 matç saat 20:00-da başlayacaq.
Lakin Mərdəkanda keçiriləcək görüşdən fərqli, "Qarabağ"ın oyununa TV vasitəsilə baxa bilməyəcəyik. Belə ki, oyunu yalnız "Qarabağ"ın rəsmi "Yutub" kanalı canlı göstərəcək.
Xatırlayırsınızsa, CBC telekanalı Maltada internet vasitəsilə yayımlanan "Balzan" - "Neftçi" görüşünü efirinə çıxarmışdı. Bəs bu dəfə "Qarabağ"ın matçı niyə ekranlara daşınmayacaq? Axı, oyun internet vasitəsilə də olsa görüntülənəcək.
Qaynarinfo.az bu sualla "CBC Sport" telekanalının baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxlayıb. O bu sualımıza cavabını ötən dəfə yayımın keyfiyyətsiz olması ilə əlaqələndirib: "Biz klublarımızın avrokubok matçlarını təmənnasız çəkib göstəririk. Səfər oyunları zamanı isə yayım hüququ olan şirkətlə barter etməyə çalışırıq. Lakin Lüksemburqda telekanallar "Qarabağ"ın oyununa maraq göstərmədiyindən, çəkiliş olmayacaq. "Qarabağ" isə 3 kamera ilə özü internet üzərindən çəkiliş edəcək. Necə ki, "Qarabağ" ölkə xaricindəki yoxlama oyunlarını bu vasitə ilə azarkeşlərinə göstərib. Biz Maltadakı kimi bu oyunu TV üzərindən göstərə bilərdik. Yeri gəlmişkən, onu da "Neftçi" klubu öz kameraları ilə çəkmişdi. Lakin yayım çox keyfiyyətsiz alınmışdı. Hətta 20-25 dəqiqə yayıma gec qoşulduq. "CBC International" telekanalı bizə məxsus kanal deyil. Onlardan bu matçın verilməsini xahiş etmişdik. Lakin belə yayım keyfiyyətsiz alındığı üçün bu dəfə bu kanal rəhbərliyinə "Qarabağ"ın oyununun göstərilməsi üçün müraciət etmədik. Çünki Lüksemburqda internet kəsildiyi halda, oyun göstərilməyə bilər. "Qarabağ" tərəfi də bizə Full HD formatda çəkiliş yollaya bilməyəcəklərini bildirdi. Bu kanal rəhbərliyi qarşısında yenə pis vəziyyətdə qalmamaq üçün bu dəfə internet üzərindən TV-də yayıma ehtiyac görmədik".
Qeyd edək ki, "Kəpəz" - "Admira Vakker" oyunu bu gün saat 20:00-da "CBC Sport" telekanalında canlı yayımlanacaq.
Qaynarinfo.az