Avqustun 20-də Avroliqanın pley-off mərhələsinin Berndə keçiriləcək "Yanq Boyz" (İsveçrə) - "Qarabağ" oyununu israilli hakim Alon Yefet idarə edəcək. Qaynar.info bu hakimin kimliyini araşdırıb.
1972-ci il sentyabrın 1-də İsrailin Netanya şəhərində anadan olan Yefet marketinq meneceridir. Onun hobbiləri filmlərə baxmaq, səyahət etmək və basketbol oyunudur.
2002-ci ildən FİFA referisi olan Yefet 2010/11 mövsümünün əvvəlində UEFA-nın ən ali kateqoriyasına yüksəlib. Ancaq 6 ay sonra verdiyi səhv qərarlara görə kateqoriyası 1-ci kateqoriyaya endirilib. Yefet Çempionlar Liqasının qrup mərhələsində 2005-ci ildə "Brügge" - "Rapid" (Vyana) (3:2), 2007-ci ildə isə "Valensiya" - "Rusenborq" (0:2) matçlarını idarə edib. O, dəfələrlə Avroliqanın qrup (eləcə də keçmiş UEFA Kubokunun) oyunlarına təyinat alıb.
42 yaşlı referi ötən ilin sentyabrın 9-da idarə etdiyi Avro-2016-nın seçmə mərhələsinin ilk oyunu olan Azərbaycan - Bolqarıstan matçını idarə edib. Berti Foqtsun komandası "Bakcell Arena"dakı həmin oyunda 1:2 hesabı ilə yenilmişdi. Bu hakim hazırda "Xəzər Lənkəran"a məxsus olan Vaqif Cavadov və Ruslan Abışova, eləcə də "Neftçi"nin futbolçusu Araz Abdullayevə sarı vərəqə göstərmişdi. Bu matçda "Qarabağ"dan Qara Qarayev, Bədəvi Hüseynov və Rəşad Sadıqov oynamışdı, o vaxt "Neftçi"də çıxış edən Elvin Yunuszadə isə ehtiyatda qalmışdı.
O, İsveçrə klublarının da oyunlarını idarə edib. Bunlardan 3-ü "Yanq Boyz"un oyunlarına təsadüf edib. Bunlardan 1-də qələbə qazanan Bern təmsilçisi digər 2 matçda rəqiblərinə qalib gələ bilməyib. Ümumiyyətlə, Yefet Azərbaycan klublarından fərqli, 7 dəfə İsveçrə komandalarının iştirakı ilə keçirilən oyunlarda olub. Bu matçlardan cəmi 1-də isveçrəlilər qalib gəlib ki, bu da "Yanq Boyz"un 5 il əvvəl Avroliqanın qrupunda güclü "Ştutqart" üzərində qazandığı tarixi qələbədir.
23.02.2006 UEFA Kuboku 2005/06 1/16 final "Hamburq" (Almaniya) - "Tun" 2:0
20.09.2007 UEFA Kuboku 2007/08 I mərhələ "Empoli" (İtaliya) - "Sürix" 2:1
06.08.2009 Avroliqa 2009/10 III təsnifat mərhələsi "Yanq Boyz" - "Atletik" (İspaniya) 1:2
01.12.2010 Avroliqa 2010/11 qrup mərhələsi "Yanq Boyz" - "Ştutqart" (Almaniya) 4:2
27.07.2011 Çempionlar Liqası 2011/12 III təsnifat mərhələsi "Standard" (Belçika) - "Sürix" 1:1
20.09.2012 Avroliqa 2012/13 qrup mərhələsi "Sportinq" (Portuqaliya) - "Bazel" 0:0
22.11.2012 Avroliqa 2012/13 qrup mərhələsi "Liverpul" (İngiltərə) - "Yanq Boyz" 2:2
Qeyd edək ki, Alon Yefetin köməkçiləri bu matçda Danni Krasikov, Mahmud Mahanya və Ziv Adler olacaq.
Qaynar.info