“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov: "Bizim şansımız, insanların bizə inamı qədərdir"
Qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz “Qarabağ” avqustun 5-də Tofiq Bəhramov stadionunda "Seltik"lə cavab matçına çıxacaq.
İlk matçda rəqibinə 1-0 hesabı ilə məğlub olan Qurban Qurbanovun yetirmələri, cavab oyununda turu adlamağa çalışacaqlar. Bu çətin mübarizənin nəticəsini öncədən bilmək olmasa da, təxmin etmək olar.
Bununla bağlı idman sahəsi üzrə çalışan bəzi həmkarlarımız arasında sorğu keçirmək qərarına gəldik.
"Qarabağ"ın "Seltik" qarşısında şansı nə qədərdir” sualına onların verdikləri cavabları təqdim edirik:
Şəfi Şəfiyev (Futbolpress.az): "Qarabağ" "Seltik"i keçəcək gücdədir. Səfərdəki məğlubiyyətə baxmayaraq şansları 60%-in 40%-ə nisbətində dəyərləndirirəm. Artıq yeni futbolçular da sistemə uyğunlaşıb. İlk oyununu səfərdə keçirən komanda üçün 0:0 hesablı heç-heçə də, 1:0 uduzmaq da məntiqi cəhətdən eynidir. Yəni, hər iki hesab zamanı rəqibini məğlub eləməlisən. Amma mərhələ adlamaq üçün mütləq erkən qol lazımdır. Sonra da yarımmüdafiədə oyunu ələ keçirib, qısa ötürmələrlə rəqibi müdafiəyə sıxmaq vacibdir. Eynilə rəqib də sürətli əks-hücumlara bel bağlayacaq. O səbəbdən də müdafiə və dayaq yarımmüdafiə də diqqətli olmalıdır. "Qarabağ" bunu bacarır. Həm də daxili auditoriya önündə komanda tam fərqli oyun səviyyəsi nümayiş etdirir".

Kənan Məstəliyev (Rekord.az saytının rəhbəri): "Birinci oyunun həyəcanını yalnız təkrardan hiss edə bildik. Ancaq görə bildik ki, komanda hələ tam hazır deyil. Bəli, rəqib güclüdür, adlı-sanlıdır. Amma fərqli də oynamaq olardı. Hər halda, Qurban Qurbanov bu işi bizdən daha yaxşı bilir. Şanslar isə çox azdır. Birinci oyundakı nəticə 90 dəqiqənin tamamını stress işində keçirəcəyimizə işarədir. Sağlam düşüncə, "Seltik"in pley-offa daha yaxın olduğunu deyir. Ancaq futbol sadəcə, bu düşüncə ilə oynanılmır. Mənim fikrimcə, şanslar hələ də bərabərdir. Cavab oyununda penaltilərə qədər stadionda qala biləcəyimizi düşünürəm".

Emin Səfərov (sport7.az): “Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Seltik" nə qədər güclü komanda olsa da, keçilməz deyil. Nəzərə alaq ki, "Seltik Park" arenada baş tutan qarşılaşmada təmsilçimiz 60 min azarkeşin önündə oynadı. Bu qədər azarkeş təzyiqi altında oynamaq olduqca çətindir. Buna baxmayaraq, komandamız rəqibinə dirəniş göstərə bildi. Məğlubiyyət gətirən qolu da, sona 8 dəqiqə qalmış buraxdıq. Müdafiəçilərimiz bir qədər sayıq davransaydılar, qarşılaşma qolsuz da başa çata bilərdi. Onsuz da, nə "atlılar"ın baş məşqçisi Qurban Qurbanov, nə də futbol ictimaiyyəti bu məğlubiyyəti faciə hesab etmir. Revanş matçında məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmaq olar. Düzdür, rəqib ilk oyunda onlara lazım olan nəticəni əldə etdiyi üçün ehtiyatlı oynayacaq, şansını əks-hücumlarda axtaracaq. Amma Q.Qurbanov artıq özü üçün lazımı təcrübəni toplaya bilib. Dəqiq olan odur ki, artıq nəhəng klubların "qapazaltısı" olmaqdan canımızı qurtarmışıq. Bakıda 30 min azarkeşin önündə, fanatların tam dəstəyi ilə "Seltik"i devirmək olar. Şansımız olduğu kimi qalır".

Zaur Xudiyev (Apasport): "Səfərdə 0:1 hesablı məğlubiyyət böyük faciə deyil. Əgər, qalib gəlməmisinzsə, heç-heçə və ya minimal hesablı məğlubiyyət çox da fərq etmir. Hər iki halda evdə mütləq qələbə qazanmalısan. Düşünürəm ki, hələ heç bir şey bitməyib. İlk oyundan əvvəl şanslar 55/45 nisbətində “Seltik”in xeyrinə idisə, ilk oyundan sonra düşünürəm ki, artıq vəziyyət bərabərdir".
Ergün Seyid (Qol.az): "Düşünürəm ki, "Qarabağ" üçün qollu məğlubiyyət daha yaxşı olardı. Amma təbii ki, 1 top fərqi ilə məğlub olmağı nəzərdə tuturam. Çünki rəqib əvvəlki gücündə olmasa da, ən azından təcrübəlidir. Bakıda qol vurmağa qadir olan bir komandadır. Onların vuracağı bir top isə "Qarabağ"ın işini çətinə sala bilər. İndiki halda, komandamızın əsas vəzifəsi müdafiədə diqqətli olmaq və ələ düşəcək fürsətlərdən maksimum yararlanmaqdır. Bütün amilləri nəzərə alsaq, "Qarabağ"ın mərhələ keçmək şansını 50 faiz kimi dəyərləndirmək olar. Düşünürəm ki, matç əlavə vaxta gedəcək".
Təbii ki, bizim üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun da düşüncəsi maraqlıdır. Ona da eyni sualı ünvanladıq. N.İbrahimov qısa bir cavab verdi: "Bizim şansımız, insanların bizə inamı qədərdir". (musavat.com)