Xəbər lenti

"Qarabağ"ın son 3 transferi nəyə hesablanıb? - TƏHLİL
İdman13:54 02.09.2015

"Qarabağ"ın son 3 transferi nəyə hesablanıb? - TƏHLİL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bildiyiniz kimi, "Qarabağ" "transfer pəncərəsi"nin son günündə 3 keçidi birdən reallaşdırdı.

Qaynar.info xəbər verir ki, bu 3 futbolçu qapı xəttindən bu yana hesablasaq, müdafiəçi Vladimir Dimitrovski, yarımmüdafiəçi Miqel Markos Madera və hücumçu Samuel Armenterosdur.

Aydın məsələdir ki, "Qarabağ" bu 3 futbolçunun keçidini "pəncərə"nin bağlanmasına 1 gün qalmış həll edibsə, onların adı Avroliqanın qrup mərhələsi üçün UEFA-ya təqdim olunacaq. Bəs görəsən, "Qarabağ"ı bu futbolçuları transfer etməyə nə vadar edib? Adətən bir mövqeyə bir futbolçu alınırsa, bu o deməkdir ki, komandanın baş məşqçisi həmin yerdə müəyyən çatışmazlığı görüb və bunu aradan qaldırmağa çalışıb. Gələnlərin legioner futbolçu olduğunu nəzərə alsaq, bu "trio"nun ehtiyatda saxlamaq üçün alındığını düşünməyə dəyməz. Beləliklə...

Dimitrovski Rəşad Sadıqovun...

"Qarabağ" hələ çoxdan idi ki, mərkəz müdafiəçisi axtarırdı. Bu xəbəri yayanda futbol ictimaiyyətinin əksəri və azarkeşləri buna inanmaq istəmirdi. Çünki komandada millinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və göstərdiyi performansı ilə alqışlara səbəb olan dağıstanlı milliləşdirilmiş Bədəvi Hüseynov kimi simalar vardı. Bununla belə, Qurban Qurbanov mərkəz müdafiəçisi tapılmasını istəmişdi. Komandaya təklif olunan hollandiyalılar - Henriko Drost və Darril Laxmandan imtina edildi. Nəticədə Vladimir Dimitrovskinin üzərində dayanıldı. Belçika, Xorvatiya, Çexiya və Yunanıstanda legioner həyatı yaşamış 26 yaşlı futbolçunun sentyabrın 8-də İspaniya ilə seçmə oyuna çağırılıbsa, deməli, onun zəif futbolçu olmasından söhbət gedə bilməz. Hazırda transfer vərəqi Yunanıstan Futbol Federasiyasında olan Makedoniya millisinin mərkəz müdafiəçisinin keçidi bir qədər düyünə düşsə də, məsələnin tez bir zamanda həll olunacağı gözlənilir.

Bəs o kimin yerinə transfer olunub? Bax, əsas sual budur. Qocaman Rəşad Sadıqovun Çempionlar Liqası və Avroliqanın təsnifat mərhələsi oyunlarında tez-tez səhvlərə yol verməsinə hamımız şahidlik etdik. Qurban Qurbanov vaxtı ilə Rəşadla millidə və "Neftçi"də komanda yoldaşı olub. Bununla belə, baş məşqçi başa düşür ki, "yetirməsi"nin "Tottenhem", "Anderlext" və "Monako" ilə matçlarda etdiyi səhvlər komandaya baha başa gələcək. Belə matçlarda daha cəld və sürətli stopperə ehtiyac var. Böyük ehtimalla, Rəşad yalnız çempionat oyunlarında meydana buraxılacaq. Yayda isə onun karyerasını bitirib "Qarabağ"da məşqçiliyə başlayacağı heç də istisna deyil. Komandanın Bədəvi Hüseynovdan pul qazanmaq istəyi də bu yerdə duyulmaya bilməz. Hələ ötən mövsüm Avropa klublarından təklif alan Bədəvinin bu 6 Avroliqa matçından sonra yanvarda başqa komandaya sərfəli qiymətə transfer olunmayacağına heç kim zəmanət verə bilməz.

Miçel Kintananın...

Tam adı Miqel Markos Madera olan "Miçel" ləqəbli ispan yarımmüdafiəçinin keçidi alqışalayiq haldır. İspaniyada "Sportinq", "Xetafe", İngiltərədə "Birminqem", Yunanıstanda AEK və İsraildə Hayfa "Makkabi"sinin şərəfini qorumuş 29 yaşlı yarımmüdafiəçi mərkəz oyunçusudur. Onun əsas mövqeyi dayaq yarımmüdafiəsidir. Ancaq təbii ki, əksər ispan oyunçular kimi onun da yaradıcılıq qabiliyyəti mövcud olduğundan, pleymeyker kimi də oynamaq təcrübəsi var. Hər halda İspaniya La Liqası və İngiltərə Premyer Liqasında top qovmuş birinin potensialına şübhə etməyə dəyməz. Heç şübhəsiz ki, həmyerlisi Dani Kintana ümidləri doğrultmur. Bu üzdən Miçelin məhz öz yerlisini əvəz edəcəyi gözlənilir. Yəni, Avroliqada Kintana daha çox ehtiyat oyunçular skamyasından meydana çıxmağını gözləyəcək. Ancaq Qurban Qurbanovun yaradıcı qabiliyyəti olan Rişard Almeydanı irəli çəkib Miçeli Qara Qarayevlə paralel oynadacağı da istisna olunmur. Uzun müddətdir ki, zədədən əziyyət çəkən Şumbinyo sağalsa da, qısa zamanda onun "11-lik"də olmayacağı dəqiqdir. Bu üzdən Miçel transferi yerinə düşür.

... və Armenteros Puponun yerinə gəlib

"Qarabağ" bəlkə də son dövrlər cari mövsümdə olduğu kimi hücum xəttindən əziyyət çəkməyib. Komandaya transfer olunan hollandiyalı Raydell Pupon avrokuboklarda heç də formada olmadığını göstərdi. Onun çıxış etdiyi oyunlarda lazımi anda lazımi mövqedə olmaması zəif cəhətlərindən biridir. Pupon "Qarabağ"ın oyun sisteminə uyğun olmayan ən lazımsız transferdir desək, heç də yanılmarıq. Bu baxımdan Armenteros transferi yaxşı düşünülüb. Kubaəsilli isveçli hücumçu "Villem II" ilə Hollandiya Erediviziyasında son mövsüm 11 qola imza atıb ki, bu heç də pis göstərici deyil. Armenteros "2-ci Pupon" olmayıb özünü daha erkən göstərmək şansı əldə edə bilsə, onun hücumun sivri ucunda start "11-liy"ində olacağı dəqiqdir. Belədə Reynaldo yarımmüdafiənin solunda oynamaqla komandaya daha çox effekt vermək imkanına malik olacaq.

Səbuhi TOFİQOĞLU