"Qəbələ" klubu bu gün Avroliqanın pley-off mərhələsində Yunanıstanın "Panatinaikos" klubu ilə ilk oyununu keçirəcək. Bu matç saat 21.00-da başlayacaq.
Qaynar.info xəbər verir ki, "Lion", "Çelsi", "Real" və "Milan"ın sabiq qanalı dayaq yarımmüdafiəçisi Maykl Esyen Bakıya gəlməsə də, Afina klubunun tərkibində kifayət qədər məşhur futbolçular var. Bunlardan "Espanyol", "Sevilya" və "Malaqa"da çıxış etmiş ispan müdafiəçi Serxio Sançes, "Parma"nın sabiq üzvü Sotiris Ninis, "Bavariya"nın sabiq xorvatiyalısı Daniyel Pranyiç, Dortmund "Borussiya"sı və "Hamburq"un hücumçusu olmuş Mladen Petriçin adını çəkmək olar.
Ancaq komandanın əsas vuran ayağı Markus Berqdir. Almaniyanın "Hamburq" və Hollandiyanın PSV kimi klublarında çıxış etmiş hücumçu "Panatinaikos"da 2013-cü ildən çıxış edir. "İsveçli dəmir adam" ləqəbi qazanmış Berq 3 gün əvvəl 29 yaşını tamamlayıb. İsveç yığmasının Monteneqro ilə keçirdiyi son seçmə mərhələ oyununda (3:1) başla hesabı açan da o olub. "Qəbələ"nin müdafiəçiləri bu oyunçuya qarşı kifayət qədər diqqətli olmalıdır. Çünki bu oyunçu həm baş, həm də ayaqla yaxşı oynamağı ilə seçilir. O bəzən komanda yoldaşlarının fərqlənməsi üçün də əla ötürmələr verir.
Sonda bu futbolçunun ötən mövsüm vurduğu qollar və ötürmələrin yer aldığı videoroliki təqdim edirik.