Xəbər lenti

"Qəbələ"də mənim üçün çətin olan başqa məsələlər vardı" - Mixail Sivakov
İdman10:38 28.03.2016

"Qəbələ"də mənim üçün çətin olan başqa məsələlər vardı" - Mixail Sivakov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Football.ua saytının əməkdaşı Qleb Korniyenko Belarus millisinin və Ukraynanın "Zarya" klubunun mərkəz müdafiəçisi Mixail Sivakovdan müsahibə alıb.

Qaynar.info xəbər verir ki, ötən mövsümün II yarısında "Qəbələ"də çıxış etmiş futbolçu Azərbaycan karyerasının qısa müddət çəkməsinin səbəbini izah edib. O bunu psixoloji baxımdan Qəbələdə yaşaya bilməməsi ilə əlaqələndirib.

- Siz maliyyəsi sabit olan "Qəbələ" klubundan, tanış məşqçidən ayrılıb "Zarya"ya keçdiniz. Hansı ki bu klub müvəqqəti öz şəhərində (Luqanskda - red.) oynamır və orda maaşlarda gecikmələr var. İnanmıram ki, bu sizi narahat etməyə bilməzdi...

- Bunu vaxt göstərəcək. Pul puldur, ancaq bu əsas məsələ deyil. "Qəbələ"də maliyyə baxımından hər şey həqiqətən sabit idi. Ancaq mənim üçün çətin olan başqa məsələlər vardı. Mən "Zarya"ya keçəndə pul birinci yerdə dayanmamışdı.

- "Qəbələ"də qarşılaşdığınız əsas çətinlik nə idi?

- Ailəmin yanımda olmaması. Qəbələnin özü böyük şəhər deyil, Bakıya kimi bir neçə saatlıq yoldur. Demirəm ki, mənə hansısa əyləncə, macəra lazım idi, yox. O baxımdan deyirəm ki, meydança və mehmanxanadan başqa, ətrafda heç kim yox idi. Dağlara baxmaq olardı, onlar həqiqətən gözəl idi. Ancaq dağlarda axı hər gün gəzə bilmirsən. Psixoloji baxımdan mənim üçün çətin idi. Üstəlik, "Qəbələ"dəki ilk vaxtlarımda biz meydanda Qriqorçukun istədiyi oyunu göstərə bilmirdik. "Çernomorets"in sabiq oyunçuları onun tələbləri ilə tanış idilər, digərləri isə yox. Ona görə də onun istədiyini edənədək vaxt getdi.

- Sizə "Qəbələ"də qalmağı təklif etmədilər?

- Müqaviləmin müddəti bitdi və dərhal "Zarya"dan təklif gəldi. Vəssalam.

- "Qəbələ"nin daxilində "Çernomorets"in sabiq oyunçularına qısqanclıq yox idi? Axı, siz baş məşqçinin himayəsində idiniz...

- Bunu hiss etmədim. Ola bilər ki, hardasa onların öz aralarında söhbət edərkən bu fikirdə olanlar olub. Ancaq bizimlə münasibətlərdə bunu hiss etməmişəm. Düzdür, mətbuatda belə fikir daim səsləndirilirdi. Orda hətta bugünkü gündə də Qriqorçuk "Qəbələ"ni Avropa Liqasının qrupuna çıxaranda yazırlar ki, o, öz futbolçularını irəli çəkir.

- Siz dediniz ki, Azərbaycana ailənizi aparmamışdınız və özünüzü narahat hiss edirdiniz. Niyə o vaxt ailənizi ora aparmamışdınız ki?

- Birincisi, qısa müddətli müqavilə bağlamışdım. İkincisi, Qəbələdə ailəni harasa aparmaq üçün yer yox idi.

- Bunu təsəvvür etmək çətindir...

- Qəbələdə otel var. Orda bütün komanda qalır. Şəhərdə mənzil tapmaq real deyil. Oyunçulardan heç kim ailələrini aparmayıb. Mənim yanıma ailəm yalnız arabir gəlirdi.

Qaynar.info