Xəbər lenti

"Qəbələ"nin pley-off savaşı: Baş məşqçilər nə vəd etdi?
İdman07:10 04.08.2016

"Qəbələ"nin pley-off savaşı: Baş məşqçilər nə vəd etdi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq. Qaynarinfo.az xəbər verir ki, qitənin ikinci dərəcəli yarışında ölkəmizi təmsil edən "Qəbələ" cavab matçında doğma meydanda saat 21:00-da "Lill"i qəbul edəcək.

Fransada keçirilən ilk oyunda qeydə alınan 1:1 hesablı nəticə təmsilçimizin xeyrindədi. Cavab matçında qeydə alına biləcək qolsuz bərabərlik "qırmızı-qaralar"ı pley-off mərhələsinə daşıyacaq.

Ancaq matçın qolsuz başa çatacağı bir o qədər də inandırıcı görünmür. Çünki fransızlar növbəti mərhələyə adlamaq üçün hücuma atılıb, "Qəbələ"nin qapısına yol tapmağa çalışacaq. Təbii ki, Roman Qriqorçukun komandasının da 90 dəqiqə müdafiə olunacağı inandırıcı deyil. Səfərdə keçirilən oyunda olduğu kimi, təmsilçimiz cavab matçında da qol vurmağın yollarını axtaracaq.

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk:

"Oyunun nəticəsi bizim hücumda necə oynamağımızdan asılı olacaq. Təbii ki, hücum futboluna üstünlük verəcəyik. Öz oyun stilimizdən əl çəkməyəcəyik. Bu istəqəmətdə də çalışacağıq. Hər bir məşqçinin arzusu odur ki, əlindəki heyət geniş olsun. İstədiyimiz futbolçunu ala bilməmişik. Dayaq yarımmüdafiəçi mövqeyini də gücləndirmək istəyirdik. Ancaq maliyyə durumunu da nəzərə almalıyıq. Buna baxmayaraq, heyətdə yer alan bütün futbolçular ən yaxşını etmək üçün əllərindən gələni əsirgəmirlər".

"Lill"in baş məşqçisi Frederik Antonetti:

"İlk oyundan müəyyən nəticələr çıxarmışıq. Bugünki oyunda komandamızın nəyə qadir olduğunu sübut edəcəyik. İlk oyunda bəzi əsas heyət üzvlərimiz iştirak etmədi. Ancaq sabahkı oyunda bu futbolçular çıxış edəcək. Mərhələni keçməsək, bu, bizim üçün böyük uğursuzluq olacaq".

Qaynarinfo.Az